Dermatit nədir?

24 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 8014
Dermatit nədir foto
5/5 - (1 səs)

Dermatit – dərinin iltihabıdır. Yunan dilindən tərcümədə “derma” sözü dəri mənasını verir. Dermatit nədir sualına daha dəqiq cavab versək: müxtəlif qıcıqlandırıcıların təsirinə dərinin iltihabi reaksiya şəklində cavab verməsidir. Bu reaksiya özünü səpki, sızanaq, akne, qızartı, ekzema şəklində büruzə verir.

Dermatitin təsnifatı

Xəstəliyin aşağıdakı formaları mövcuddur:

  • Seboreyalı (seboreik);
  • Atopik;
  • Herpesşəkilli;
  • Günəş şüasından yaranan;
  • Bitki mənşəli;
  • Kontakt;
  • Allergik.

Digər təsnifatda sadalanan formalar sadə və allergik dermatitlər altında 2 qrupda cəmləşdirilir. Sadə dermatitlər təbii qıcıqlandırıcıların təsirindən yaranır. Onlara qələvilər, yüksək və ya aşağı temperatur kimi faktorlar aiddir. Allergik dermatit müəyyən allergenə (qida məhsulu, bitki tozcuğu, heyvan tükü, gənə və s.) qarşı yüksək həssaslıq fonunda əmələ gəlir.

Dermatit nədir foto 1

Seboreik dermatit nədir?

Seboreik dermatit – dərinin piyi qatının artması ilə gedən xəstəlikdir. O, dermatitlərin ən xoşagəlməz və çətin müalicə olunan növüdür. Adətən yeniyetmələrdə və 20-50 yaşarası böyüklərdə müşahidə olunur.

Xəstəliyin törədicisi Malassezia göbələyidir. Normada dəridə mövcud olan bu göbələk immunitet zəiflədikdə, həmiçinin maddələr mübadiləsi pozulduqda çoxalmağa başlayır.

Xəstəlik baş və bədəndə piy vəzilərinin çoxluq təşkil etdiyi nahiyələrdə (başın tüklü hissəsinin sərhədləri, yanaqlar, qoltuqaltı, qasıq, qulaqarxası büküşlər və s.) inkişaf edir. Seboreik dermatitin yüngül və başlanğıc mərhələsi kəpəklənmə adlanır. Dərinin qabıqlanması göbələyin aktiv şəkildə fəaliyyətindən xəbər verir.

Seboreyalı dermatitin müalicəsi medikamentoz (dərman preparatları) və qida rasionunun balanslaşdırılması yolu ilə aparılır.

Atopik dermatit nədir?

Atopik dermatit genetik xəstəlikdir. O, allergik dermatitdən bir neçə allergenin təsirindən formalaşması ilə fərqlənir. Əksərən erkən yaşlarda müşahidə edilir və xroniki gedişə malik olur.

Böyüklərdə neyrodermit, ekzema, uşaqlarda isə diatezə gətirib çıxarır. Xəstəlik yeniyetmələrdə və yetkin şəxslərdə üz, başın tüklü hissəsi, ətrafların bükücü səthlərinin, uşaqlarda isə əksinə diz və dirsəyin açıcı səthlərinin qaşınması ilə xarakterizə edilir. Müalicə dermatoloq (dəri həkimi) tərəfindən fərdi qaydada təyin edilir.

Dermatit nədir foto 2

Kontakt dermatit nədir?

Dermatitin bu forması qıcıqlandırıcının dəri ilə təmas etdiyi nahiyədə baş verən iltihabi reaksiyası nəticəsində inkişaf edir. Onun da öz növbəsində sadə və allergik formaları vardır.

Sadə kontakt dermatit nədir?

Xəstəlik əsasən aşağıdakı qıcıqlandırıcıların iştirakı ilə yaranır:

  • Şüa və temperatur təsiri;
  • Sürtünmə;
  • Turşu və qələvilər;
  • Bitki tozcuqları;
  • Təzyiq.

Sadə kontakt dermatitdə dərinin səthi toxumalarının qıcıqlandırıcı faktorla birbaşa təması zəruridir. Xəstəlik baş verən kontaktdan dərhal sonra inkişaf edir. Sadə kontakt dermatitə donma, yanıq və döyənəklər misaldır. Müalicə taktikası qıcıq faktorunun aradan qaldırılmasından ibarətdir.

Dermatit nədir foto 3

Allergik dermatit nədir?

Allergik dermatit – müəyyən allergenin təsirinə orqanizmin dəri səpkiləri şəklində cavab verməsidir. Ona allergiyaya meylli şəxslərdə təsadüf edilir. Xəstəliyin kontakt və qeyri-kontakt formaları vardır. Kontakt allergik dermatitə dərinin allergenlə birbaşa təması səbəb olur. Qeyri-kontakt formada isə törədici faktor qismində havada olan allergenlər (toz, bitki tozcuqları və s.) və ya müəyyən qida məhsulları iştirak edir.

Xülasə    

Yadda saxlayın ki, dermatitin müalicəsinin effektivliyi diaqnozun düzgün qoyulmasından və müvafiq müalicə kursunun seçilməsindən asılıdır. Dermatitlərdə təkyönlü deyil, kompleks terapiya aparılmalıdır. Bunun üçün sağlamlığınızı peşəkar həkimlərə etibar edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir