Seboreik dermatit
Seboreik dermatit – baş dərisi, eləcə də bədəndə piy vəzilərinin üstün olduğu nahiyələrdə inkişaf edən iltihabi xarakterli xroniki dəri xəstəliyidir. Onun törədiciləri maya göbələyinə bənzər Malalassezia, Malasseziarestricta, Malasseziafurfur və Malasseziaqlobosa göbələkləridir.
Seboreik dermatitin risk faktorları
Xəstəliyin inkişafına ekzogen (xarici) və endogen (daxili) faktorlar təsir göstərir.
Endogen faktorlar
Daxili faktorlara sinir, hormonal və immun amillər aiddir.
- Sinir faktoru ilə əlaqədar formalaşan seboreyalı dermatit nədir sualına cavab olaraq, mərkəzi sinir sisteminin xəstəlikləri, baş və onurğa sinirlərinin iflicindən əziyyət çəkən insanlar dermatitə meyllidir. Belə xəstələrdə hərəkət məhdudiyyəti fonunda dəridə yağlı hissəciklər normadan çox toplanır. Həyəcan və stress fonunda patologiya daha da kəskinləşir.
- Seboreik dermatitin hormonal fonla bağlılığı alimlər tərəfindən isbat olunmuşdur. Buna neonatal (yenidoğulmuş) dövrdə aşkarlanan xəstəliyin 6-12 aylarda itməsi sübutdur. Belə hallarda dermatit körpə orqanizminin ananın hormonları ilə stimulyasiyaya qarşı reaksiyası nəticəsində meydana çıxır. Seboreik dermatit əksərən pubertat (yeniyetməlik) dövrdə müşahidə edilir. Piy vəziləri androgenlər tərəfindən tənzimləndiyindən xəstəliyə qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
- Seboreik dermatit diaqnozunun immunodefisitli, HİV-li xəstələrdə tez-tez qoyulması immun faktorların rolunu təsdiqləyir.
Ekzogen faktorlar
Seboreik dermatit həm də genetik meyllik, maddələr mübadiləsi və ətraf mühitin təsiri ilə bağlıdır. Ailədə və/ya nəsildə seboreyalı dermatitdən əziyyət çəkən şəxslərin olması, həddindən artıq tərləmə, dəri piyinin normadan artıq ifrazı, stress, qələvi yuyucu vasitələrindən istifadə, alkoqol qəbulu ekzogen amillər sırasına daxildir.
Seboreik dermatitin növləri
Xəstəlik anadangəlmə və qazanılmış formalara bölünür.
Anadangəlmə seboreik dermatit – piy vəzilərinin dəriyə normadan artıq ifrazının genetik xarakterli olması ilə xarakterizə edilir.
Qazanılmış seboreik dermatit – mədə-bağırsaq traktı, baş beynin damarları və immun sistemindəki patologiyaların piy vəzilərinin fəaliyyətini pozması ilə bağlıdır.
Seboreik dermatitin klinik təzahürü
Tipik hallarda xəstəlik dərinin piy vəzilərinin sayca çox və aktiv olduğu nahiyələrdə əmələ gəlir. Onun xarakterik kliniki simptomlarına dərinin qaşınması ilə müşayiət edilən iltihab və pulcuqlanma aiddir. Klassik formada xəstəlik simmetrik (ikitərəfli) şəkildə baş dərisinin tüklü hissəsi, qaşlar, kirpiklər, saqqal, bığ, burun-dodaq büküşü, qulaqarxası, xarici qulaq kanalında nəzərə çarpır.
Dəri elementlərinə (qabıq, pulcuqlar) bədəndə döş, qolaltı, qasıq büküşlərində, göbək dəliyi, anogenital (cinsiyyət üzvlərinin və anal nahiyənin ətrafı) nahiyədə rast gəlinir.
Başda seboreik dermatit
Baş dərisinin tüklü hissəsində unşəkilli ağımtıl pulcuqlar (kəpək), böyük lövhələr (qabıqlar) əmələ gəlir. Dəridə kəskin iltihabi dəyişikliklər müşahidə edilmədiyindən bu forma quru seboreya adlanır. Kəpəkdən əziyyət çəkən xəstələrin əksəriyyəti baş dərisinin qaşınmasından şikayətlənirlər.
Onlar pulcuqların dərinin quruluğu ilə əlaqəli olduğunu düşünərək, saçlarını gec-gec yuyurlar. Bu yanlış addım qabıqlanmanın artmasına, kəpəyin çoxalmasına, dəridə iltihabi dəyişikliklərin inkişafına gətirib çıxarır. İltihabi eritema hər zaman vizual olaraq aşkarlanmır. Ağır hallarda baş dərisinin tüklü hissəsində eritematoz ləkələr, unabənzər və ya yağlı pulcuqlar, sarımtıl hemorragik qabıqlar formalaşır.
Üzdə seboreik dermatit
Üzdə eritematoz-pulcuqlanan ocaqlar, qaşınma yaranır. Dəridə göynəmə hissi ola bilər.
Bədəndə seboreik dermatit
Üzdə və baş dərisindəki ləkələr, lövhələr, qabıqlanmalar ilə oxşar şəkildə təzahür edir.
Seboreik dermatitin diaqnostikası
Diaqnoz fiziki müayinə əsasında qoyulur. Bəzən seboreik dermatiti digər xəstəliklərdən (psoriaz, atopik dermatit, kontakt dermatit, göbələk xəstəliyi, rozasea) ayırd etmək çətinlik törədir.
Seboreik dermatitin müalicəsi
Müalicə yerli göbələkəleyhinə preparatlar, kortikosteroidlər və kalsinevrinin inhibitorları ilə aparılır.
Xülasə
Yuxarıda sadalanan əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən dəri həkiminə müraciət etməyiniz məsləhətdir.