Allergik dermatit

01 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3713
Allergik dermatit foto 1
4.6/5 - (5 səs)

Allergik dermatit – xarici və daxili qıcıqlandırıcıların (qida məhsulları, toz, gənə, heyvan tükü və s.) təsirindən dəridə gedən iltihabi prosesdir. Ekzemadan fərqli olaraq dermatit daha qısa müddətli gedişə malikdir. Allergiya törədən faktor, yəni qıcıqlandırıcı aradan qalxdıqdan sonra səpkilər keçib gedir.

Allergik dermatit necə təsnif olunur?

Xəstəliyin aşağıdakı 4 forması vardır: kontakt, toksiki, atonik və fiksəolunmuş.

Dermatitin bu növünün inkişafına həmçinin irsi meyllik, endokrinopatiyalar təkan verir. İstehsalat şəraitində allergik dermatit dinitroxlorbenzol, fenolformaldehid, xrom duzları,nikel, titan, civə kimi kimyəvi maddələrə qarşı əmələ gələ bilər.

Allergik dermatit hansı əlamətlərlə özünü büruzə verir?

Kontakt forma – təkvalentli sensibilizasiya (xarici və daxili allergenlərə qarşı yüksək immunoloji həssaslıq) ilə xarakterizə edilir. Monovalent, yəni təkvalentli dedikdə 1 qıcıqlandırıcıya qarşı sensibilizasiya başa düşülür.

Allergenlə təmas yerlərində papula və qabarcıq şəklində hiperemiya sahələri formalaşır. Kontakt allergik dermatitdə qıcıqlandırıcının konsentrasiyası mühüm rol oynayır. Orqanizmin sensibilizasiyası zamanı allergenin ən kiçik dozası belə güclü reaksiya törədir.

Allergik dermatit foto

Toksik-allergik dermatit – səpkilərin polimorfizmi (müxtəlifliyi) ilə fərqlənir. Dəridə şişkinlik, papula, eritemaya bənzər səpkilər, qaşınma, bədən temperaturunun yüksəlməsi müşahidə edilir.

Atonik dermatit – residivləşən xroniki gedişlə səciyyələnir. Polimorf səpkilər simmetrik yerləşir.

Fiksəolunmuş eritemaya dəri örtükləri və selikli qişalarda aydın nəzərə çarpan sərhədlərə malik 2-8 sm ölçülü, tək və yaxud 2-3 ədəd ləkələr xasdır. Ləkənin periferik zonası bir qədər qabarıq olur.

Allergik dermatit necə təyin olunur?

Xəstəliyin diaqnozu anamnez əsasında qoyulur. Həmçinin sensibilizasiya prosesini IgE analizi ilə müəyyənləşdirmək mümkündür. Lakin bu analiz spesifik sayılmır. Çünki o yalnız xəstədə allergiyanın mövcudluğunu bildirir, sensibilizasiyanın nəyə qarşı yaranmasını aşkarlamır.

Etioloji diaqnoz allerqoloq tərəfindən müxtəlif dəri sınaqlarının köməyilə dəqiqləşdirilir. Sınaqdan 24-48 saat sonra dəridə iltihabi reaksiyalar baş verir. Onun əsasında xəstəliyin mənşəyi aydınlaşdırılır.

Allergik dermatit foto 3

Allergik dermatit hansı üsulla müalicə olunur?

İlk növbədə qıcıqlandırıcı təmasdan qaçılmalıdır. Bundan əlavə məişət və toz allergiyasında spesifik immunoterapiya aparılır.

Pasiyentlərə antihistamin preparatlar təyin olunur. Əmək qabiliyyətinə təsir göstərməməsi üçün adətən 2-ci nəsil antihistamin dərmanlar məsləhət görülür. Toksidermiyada qida allergenlərindən tam uzaqlaşma – 3 gün aclıq və su rejimi tövsiyə olunur. Fizioloji məhlulların infuziyası (sistem), təmizləyici imalələr (klizma) ilə dezintoksikasion terapiya icra olunur.

Yayılmış allergik reaksiya zamanı qlukokortikoidlər qəbul edilir. Lokal formalarda yerli istifadə üçün qlikokortikoid maz (məsələn, sutkada 1 dəfə Elakom mazı) faydalıdır.

Qida allergiyası fonunda yaranan dermatitdə həkim təyinatı ilə qeyri-steroid iltihabəleyhinə preparatlar müsbət nəticə verir.

Qeyd: müalicə kursuna daxil olan preparatlar fərdi xarakter daşıyır. Təhlükəsizlik səbəbilə adlar sadalanmamışdır.

Xülasə

Hər hansı bir allergik reaksiya ilə üzləşdikdə mütləq dermatoloqa, yəni dəri həkiminə müraciət edin. Kor-koranə müalicə ilə məşğul olmayın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.6/5 - (5 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir