Sellülit nədir?
Qadınların əksəriyyətində sellülit probleminə rast gəlinir. Bəs sellülit nədir? Gəlin bu qorxulu “düşmənlə” yaxından tanış olaq. Sellülit – dəri səthində girintili-çıxıntılı portağal qabığına bənzər görünüş yaradan estetik qüsurdur.
Ona adətən bud, sağrı və qarın nahiyəsində təsadüf olunur. Bu zaman dərinin dərin qatlarında ifrat dərəcədə piy hüceyrələri toplanır.
Sellülit nədir – daha ətraflı
Dəridə portağal qabığı görüntüsü – lokal mübadilə pozğunluğudur. Böyümüş piy hüceyrələri şişkinliklər əmələ gətirir, dəridəki sıx arakəsməni büzərək çuxurlara səbəb olur. Beləliklə, nahamar görüntü ortaya çıxır. Tibb ədəbiyyatlarında sellülit lipodistrofiya və ya adipoz ödem kimi adlandırılır.
Əslində keçmiş zamanlarda sellülitə qadın bədəninin bir hissəsi kimi baxılırdı. 1973-ci ildə məşhur Amerika jurnallarının birində çap olunmuş məqalədən sonra gözəllik dünyasında sellülit anlayışı yarandı.
Sellülit nədir – səbəbləri
Sellülitin tam səbəbi bilinmir. Sadəcə onun dərialtı birləşdirici toxuma ilə piy təbəqəsi arasındakı təsirin nəticəsi olduğu anlaşılmışdır. Sellülitin mümkün səbəblərinə hormonal dəyişikliklər, genetik faktorlar, çəki artmı və ya itkisi, qeyri-sağlam qidalanma, hipodinamiya, siqaret istifadəsi aiddir. Bunların xaricində dar paltarların və oturaq həyat tərzinin də sellülitə gətirib çıxarmasına dair araşdırmalar vardır.
Lakin bəzən sağlam pəhriz və idman proqramına baxmayaraq, sellülitlə qarşılaşmaq mümkündür. Yəni demək olar ki, bütün qadınlar həyatları boyunca bədənin hər hansı nahiyəsində sellülit problemi yaşayır.
Sellülit nədir – kimlər risk altındadır?
Bu günə qədər aparılan təcrübələrin nəticələrinə əsasən yeniyetməlik dövründən sonra qadınların 80-90%-də sellülit aşkarlanır. Yaş artdıqca bu problemin yayılma tezliyi də yüksəlir. Çünki yaş ilərilədikcə dəri nazilir, elastiklik azalır. Bu da sellülit riskini artırır.
Sellülitin ağ dərili qadınlarda daha çox inkişaf etdiyi təsdiqlənmişdir. Kişilərdə onun az rast gəlinməsi dərialtı strukturların fərqli, yağ toxumasının nazik olması ilə əlaqəlidir.
Selülit nədir – əlamətləri
Sellülitin yüngül formasında dəridəki portağal qabığı görüntüsü sadəcə ayaq üstə dayandıqda sağrı nahiyəsində müşahidə edilir. Ağır formalarda isə dərinin nahamar strukturu hər vəziyyətdə bilinir.
Əslində portağal qabığı görüntüsü sağlamlıq üçün təhlükəli deyil və müalicə tələb etmir. Xarici görünüşün pozulmasından narahat olan qadınlar dermatoloq və həkim kosmetoloqa müraciət edə bilərlər.
Sellülit nədir – dərəcələri
I dərəcə: ayaqüstü və uzanıqlı vəziyyədə portağal qabığı görüntüsü aydın nəzərə çarpmır.
II dərəcə: uzandıqda dəri hamar görünür, ayağa qalxdıqda səthi çuxurlar müəyyən edilir.
III dərəcə: bədənin hər 2 vəziyyətində sellülitə rast gəlinir.
Sellülit müalicəsi nədir?
Sellüliti azaltmanın yollarına arıqlama, lazer və radiodalğa müalicəsi, kriolipoliz, ultrasəs dəstəkli liposaksiya, retinol krem, karboksiterapiya, sellülit masajı, sellülitə qarşı yağların istifadəsi və s. aiddir.
Sellülitdən qorunma yolu nədir?
Sellülitin yaranmasını 100% əngəlləmək mümkün deyil. Ancaq bəzi qaydalara riayət etməklə (dinamik həyat tərzi, sağlam qidalanma) onun inkişafını ləngitmək olar. Sellülitə qarşı təbii vasitələrlə də bu problemi həll edə bilərsiniz.