Üz üçün aloe maskası
Aloe həm müalicəvi, həm də kosmetik istifadəyə yararlı bitkidir. Bu bitkiyə satışda olan qulluq vasitələrinin və evdə hazırlanılan qidalandırıcı üz maskalarının tərkibində rast gəlinir. Əslində aloe hələ qədim zamanlardan Misirdə zadəgan xanımlar arasında geniş marağa səbəb olurdu.
Üz üçün aloe maskası necə hazırlanılır?
- kök tərəfə ən yaxın yerləşən yarpağı kəsib götürün;
- kəsik yeri aşağı baxmaqla yarpağı qaba yerləşdirin, sarı mayenin axmasına şərait yaradın;
- tərəvəz təmizləyici ilə yaşıl qabığı soyun;
- çay qaşığı ilə şirəni yığın;
- dərhal isifadə edin. Onu soyuducuda 2 gündən artıq saxlamaq olmaz.
Yağlı üz üçün aloe maskası
Resept №1. Bu maska eyni zamanda yağlı dəri üçün skrabdır
İnqrediyentlər:
aloe şirəsi + qəhvəyi şəkər tozu (hər birindən 2 xör.qaş.)
Aloenin şirəsini şəkər kristalları tam həll olana qədər qarışdırın.
Təsiri: üz maskası dərini tonuslandırır və dərindən təmizləyir. Səthi çirklənmələri aradan qaldırır, yenilənmə prosesini stimullaşdırır. Yağlı parıltını yox edir, məsamələri daraldır.
İstifadə qaydası:
- üzünüzü yaxşıca yuyub qurulayın;
- maskanı təmiz əllərlə qalın lay şəklində çəkin;
- 3-5 dəqiqə ərzində dairəvi hərəkətlərlə dərini masaj edin;
- 10 dəqiqə gözləyin;
- vaxt bitdikdə üzünüzü ilıq su ilə yuyun.
Resept №2. Üz üçün pomidorlu aloe maskası
İnqrediyentlər:
- 2 xörək qaşığı aloenin şirəsi
- 1 ədəd xırda pomidor
- 1 ç.q. kənd qatığı (istəyə görə)
Təsiri: yağlı dərini nəmləndirir, yağlılığı götürür, məsamələri daraldır, sağalmış sızanaqların izlərini təmizləyir.
Hazırlanma qaydası:
- təzə aloe şirəsi hazırlayın;
- blenderdə pomidoru xırdalayın;
- bütün komponentləri yaxşıca qarışdırın.
İstifadə qaydası:
- göz ətrafı nahiyələr istisna olmaqla, əvvəlcədən təmizlənmiş üz dərisinə çəkin;
- 10-15 dəqiqə saxlayın;
- isti su ilə üzünüzü yuyun.
Problemli üz üçün aloe maskası
Resept №1
İnqrediyentlər:
- 2 xör. qaş. aloe şirəsi
- bir neçə ədəd nanə yarpağı (reyhan və ya keşnişlə əvəzləmək olar)
- 5-7 damcı çayağacı yağı
Təsiri: dərini təmizləyir, nəmləndirir, tonuslandırır, məsamələri daraldır. Çayağacı yağı dəriyə antibakterial təsir göstərir.
Hazırlanma qaydası:
- aloenin yarpağından şirəni çıxarın;
- nanə yarpaqlarını yuyub xırdalayın;
- aloe şirəsinə doğranmış nanəni əlavə edin;
- üzərinə çayağacı yağı töküb qarışdırın.
İstifadə qaydası:
- maskanı öncədən təmizlənmiş dəriyə çəkin. Göz ətrafı nahiyəyə toxunmayın.
- 10-15 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyub, nəmləndirici krem çəkin.
Resept №2. Muskat qozu ilə üz üçün aloe maskası
İnqrediyentlər:
- 1 xör.qaş. aloe şirəsi
- ½ ç.q. muskat qozunun tozu
- 1 ç.q. limon şirəsi
Təsiri: üzün rəngini yaxşılaşdırır və dəri tonunu bərabərləşdirir.
Hazırlanma qaydası:
- aloe şirəsini çıxarın;
- muskat tozunu şirəyə qatın;
- limon şirəsi əlavə edib, yenə qarışdırın.
İstifadə qaydası:
- göz ətrafı nahiyəyə dəymədən maskanı təmiz dəriyə nazik qatla çəkin;
- 10-15 dəqiqə gözləyin;
- maskanı sərin su ilə təmizləyin.
Quru dərili üz üçün aloe maskası
Resept №1. Aloeli, bananlı maska
İnqrediyentlər:
- 2 xör.qaş. aloe şirəsi
- 1/2 banan
- 3 ç.q. badam yağı
Təsiri: dərini nəmləndirir, qidalandırır, soyulmanı, qabıqlanmanı azaldır, qırışları açır.
Hazırlanma qaydası:
- aloenin yarpaqlardan şirə sıxın;
- çəngəllə bananı əzib, həmcins kütlə alınana qədər komponentləri qarışdırın;
- üzərinə badam yağı qatıb, yenidən qarışdırın.
İstifadə qaydası:
- maskanı təmiz dəriyə nazik yaxın;
- 15 dəqiqə saxlayın;
- üzünüzü ilıq su ilə yuyun.
Əgər maska üzünüzdə qurumağa başlayarsa, 15 dəqiqənin bitməsini gözləmədən onu təmizləyə bilərsiniz.
Resept №2. Üz üçün ballı aloe maskası
İnqrediyentlər:
- 1 xör.qaş. aloe şirəsi
- 1 ç.q. zeytun yağı
- 1 ç.q. bal
Təsiri: dərini nəmləndirir, qida maddələri ilə təmin edir. Üzün rəngini yaxşılaşdırır, qırışları hamarlaşdırır.
Bu maska bala qarşı üzdə allergiyası olmayanlar üçündür.
Hazırlanma qaydası:
- aloenin şirəsini çıxardın;
- bütün komponentləri yaxşıca qarışdırın.
İstifadə qaydası:
- göz ətrafı istisna olmaqla, maskanı üzünüzə çəkin;
- 20 dəqiqə saxlayın;
- ilıq su ilə ehmalca yuyun.
Üz üçün aloe maskası və onun ehtiyat tədbirləri
Ev şəraitində üz maskaları hazırlamaq istədikdə unutmayın ki, təbii vasitələr potensial allergen sayılır. Məhsulları biləyinizə sürtərək, sınaqdan keçirin. Mənfi reaksiya olmazsa, maskanı rahat şəkildə üzünüzə çəkə bilərsiniz.
Salam xanım menim üzümde qara xallar var men onu nece yox ede bilerem emeliyat risklidi deyiller maskalarnan nece ede bilerem getsin tebi üsulla
Salam. Xallar ancaq lazerlə götürülür. Heç bir riski yoxdur.
Cox super
Aloyeden illerdir istifade edirem.mənə göre qirissiz deri yalnız aloye iledi.menim illerdir derimi qoruyan sevimlim aloye
Aloe vera mohteshem bir bitkidir. min derdin dermanidir
Aloe vera mohteshem bir bitkidir