Üzdə allergiya
Allergiya qıcıqlandırıcıya qarşı orqanizmin spesifik reaksiyasıdır. Bu tip qızartı və ya səpkilərin üz nahiyəsində olması görüntü baxımından xüsusi narahatlıq törədir.
Üzdə allergiya immun sistemin müdafiəsinin azalması ilə əlaqədar allergenlərin hüceyrələrdə özünəməxsus dəyişikliklər törətməsi nəticəsində yaranır.
Təbiətinə görə allergiya tez (ani) və gec (ləng) baş verə bilər. Birinci halda üzdə allergiya reaksiyası qıcıqlandırıcının təsirindən bir neçə saat, ikinci formada isə bir neçə gün sonra inkişaf edir.
Üzdə allergiya hansı səbəblərdən əmələ gəlir?
Üz nahiyəsində allergiya törədən faktorlara aşağıdakıları aid etmək olar:
- bəzi qida məhsulları – bal, şokolad, sitrus meyvələri, toyuq əti, süd və süd məhsulları, qoz-fındıq;
- dərman preparatları (fərdi xarakterlidir);
- kif göbələkləri;
- yuyucu vasitə və məişətdə istifadə olunan kimyəvi maddələr (məsələn, xlor);
- bitki tozcuqları və heyvan tükləri;
- kosmetika və parfumeriya məhsulları;
- yun, sintetik parçalar;
- genetik meyllik;
- iqlim dəyişikliyi.
Üzdə allergiya hansı formada təzahür edir?
- Övrə – dəri örtüyünün qızarması, yerli hərarətin artması və qaşınma ilə müşayiət edilir.
- Kvinke ödemi – çox təhlükəli vəziyyət hesab olunur. Belə vəziyyətlərdə qəflətən kəskin ödem və boğulma yaranır. Vaxtında tədbir görülmədikdə ölümlə nəticələnir. Bu səbəbdən təcili tibbi yardım və hospitalizasiya zəruridir.
- Ekzema – dərinin üst qatlarının iltihabı, qaşınma, xronikləşmə və residivləşmə ilə xarakterizə edilir.
- Atopik dermatit üçün dəri nahiyələrinin şiddətli qızarması ilə təzahür edən eritema, ödem, suluqlar xarakterikdir. Bəzən suluqlar öz-özünə partlayır, dəridə nəm eroziyalar əmələ gəlir.
Üzdə allergiyanın əlamətləri
Səpkilər kənarları silinmiş ləkələr şəklində olur. Sərhədləri kəskin nəzərə çarpmır, intensivlik və rəng baxımından (çəhrayıdan-parlaq qırmızıya qədər) fərqlənirlər. Üzün zədələnmiş nahiyələri həddindən çox qıcıqlanır.
Şişkinlik, qızartı, gözlərin sulanması, dərinin pulcuqlanması müşahidə olunur. Xəstələri adətən üzdə ləkələr, səpkilər, yaralar, dərinin qaşınması və dalbadal asqırma halları narahat edir.
Üzdə allergiya zamanı nə etməli ?
İlk növbədə dəri həkiminə və ya allerqoloqa müraciət etmək lazımdır. Həkim patologiyanın səbəbini aydınlaşdırdıqdan sonra uyğun müalicə sxemi tərtib edir:
- allergenin aradan qaldırılması. Bu mümkün olmadıqda, qıcıqlandırıcı ilə təmas minimuma endirilməlidir;
- immunoterapiya;
- antihistamin preparatlar. Pasiyentlərə yerli istifadə məqsədilə maz, sprey, gellər (triderm, pimafukort), eləcə də daxilə qəbul üçün Tavegil, Suprastin və ya Loratadin təyin edilir.
Xülasə
Allergik reaksiyalardan uzaq olmaq üçün qıcıqlandırıcı ilə təmasdan çəkinin. Toza qarşı allergiyanız varsa, oturduğunuz məkanda mütəmadii şəkildə nəm (sulu) təmizlik aparın. Gündəlik rasiondan allergiya törədən qidaları çıxarın. Həmçinin məişətdə kimyəvi maddələrdən (xlor tərkibli) istifadə edərkən əlcək geyinin.