Yaponların üz maskaları
Yapon qadınlarının hamar, parlaq və təravətli dəriləri hər zaman diqqət mərkəzindədir. Onların keçmiş nəsillərdən saxlanılan bir sıra gözəllik sirləri vardır. Yaponların üz maskaları bura daxildir.
Həmişəcavan görünən yaponların üz maskaları
Bu maska düzgün tətbiq edildikdə zamanla dəri 10 yaş cavanlaşır, canlanır, yumşalır və relyefi düzlənir.
İnqrediyentlər
- 3 çay qaşığı uzun düyü;
- 1 xörək qaşığı süd;
- 1 xörək qaşığı bal.
Düyünü qaynatdıqdan sonra suyunu süzün. Südü azacıq isidib, ora qaynatdığınız düyüləri əlavə edin. Yaxşıca qarışdırıb, üzərinə bal tökün. Quru və təmiz üz dərinizə çəkin. 10-15 dəqiqə gözləyin. Maskanı üzünüzdən təmizləmək üçün əvvəldə süzdüyünüz sudan istifadə edin. Sonda dərinizi normal su ilə yuyun.
Yaponların üz maskaları necə tətbiq olunur?
- həftədə 1 dəfə tətbiq edilir. Əks halda üz dərisi qıcıqlana bilər.
- nəticənin mükəmməl olması üçün 2 ay ərzində müntəzəm şəkildə istifadə edilməlidir.
- maska çox isti olmamalıdır, yoxsa üz dərisi yana bilər.
- maskanı yalnız təmiz dəriyə sürtmək lazımdır.
Yaponların təbii toniklərindən biri: düyü suyu
Dünyada düyünin ən çox dəyər verildiyi ölkə Yaponiyadır. Yapon qadınları bu qidadan plov, suşi ilə yanaşı üz üçün maskalar və tonik hazırlayırlar.
Tonikin tərkibi
- 1 ovuc düyü;
- 1 stəkan su.
Düyüləri suda 20 dəqiqə saxlayın. Vaxt başa çatdıqda suyu süzüb, düyüləri ayırın. Tonik artıq hazırdır. Üzünüzü yuyub quruladıqdan sonra düyü suyunu pambıqla dərinizə çəkin. Proseduru həftədə 1-2 dəfə tətbiq edə bilərsiniz.
Yaponların unlu üz maskaları
Tərkib hissələri
- 3 xörək qaşığı düyü unu;
- az miqdarda süd və bal.
Qaba un töküb, üzərinə yavaş-yavaş süd əlavə edərək məlhəm qatılığına gətirin. Əgər dəriniz qurudursa, bu mərhələdə qarışığa 2 çay qaşığı bal qata bilərsiniz. Üzünüzü makiyaj qalıqlarından təmizlədikdən sonra maskanı dərinizə sürtün. 20-30 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Maskanı həftədə 1 və ya 2 dəfə təkrarlayın.
Yaponların sirri – yaşıl çay maskaları
Yaşıl çay antioksidant təsiri hesabına dərini təmizləyir, kir və makiyaj qalıqlarından azad edir. Pambığı yaşıl çaya batırıb, üzünüzü silin. Eyni zamanda bu çayın daxilə qəbulu insanı gümrahlandırır. Ancaq gün ərzində 2 fincandan artıq yaşıl çay içmək olmaz.
Yaponların yosunlu üz maskaları
Yosun maskası omega-3 və C vitamini ilə zəngindir. Üzdə ləkələrdən, sızanaqlardan qurtulmaq üçün ideal vasitə sayılır.
Yosun maskası eyni zamanda antioksidant xüsusiyyəti sayəsində erkən yaşlanmanın qarşısını alır, qırışları açır.
İnqrediyentlər
- 1 xör. qaş. toz halında yosun;
- 2 çay qaş. aloe geli (şirəsi, ləti);
- az miqdar su;
- 2 çay qaş. bal (istəyə görə).
Yosun tozunu qaba töküb, su ilə yaxşıca qarışdırın. Pasta konsistensiyası əldə olunduqda üzərinə aloe gelini qatın. Əgər dəriniz qurudursa, 2 çay qaşığı bal əlavə edə bilərsiniz. Bütün komponentləri qarışdırıb, maskanı təmizlənmiş üz dərinizə çəkin. 20-30 dəqiqə saxlayın. Maska üzdə tam quruduqdan sonra onu ilıq su ilə yuyun. Həftədə 1 dəfə tətbiq etdikdə qısa zamanda faydasını görəcəksiniz.
Yaponların pilinq maskaları
Ölü dərini kənarlaşdırmaq üçün yaponların düyü qatılmış pilinq maskası çox məşhurdur.
Tərkibi
- 1 x.q. düyü unu;
- 1 x.q. zeytun yağı;
- 2 ç.q. təzə sıxılmış limon suyu.
Bütün komponentləri yaxşıca qarışdırın. Dərini təmizləyib, barmaqlarınızla yüngülcə ovaraq, maskanı üzünüzə yeridin. Ancaq dərinizi çox qıcıqlandırmayın. Maskanı ilıq su ilə yuduqdan sonra nəmləndirici krem çəkin. Proseduru 15-20 gündən tez təkrarlamayın.
Xülasə
Məqalədə Sizi yaponların üz maskaları sayəsində bəzi gözəllik sirlərindən xəbərdar etdik. Nəticədən razı qalacağınıza əminik.