RF lifting
RF lifting – elektromaqnit impulslarının təsirinə əsaslanan prosedurdur. Bu üsulla radiotezlikli impulslar təbii cavanlaşma proseslərini işə salır. Radiotezlikli enerji toxumaları qızdırır, boşalmış və qocalmış birləşdirici toxuma liflərini yığır. Bu da kollagen sintezini aktivləşdirir, dərinin elastikliyi və təravətini artırır.
Prosedurdan sonra reabilitasiya dövrünə ehtiyac yoxdur. RF liftinq vasitəsilə əldə olunan nəticələr nəzərə çarpan və qalıcı olur.
Dünya kosmetoloqlarının fikrincə RF lifting kosmetologiya sənayesinin gələcəyidir. Termin radiodalğalı lifting mənasını verir. Bu üsul cavanlaşmaq məqsədilə aparılan cərrahi müdaxilələrlə müqayisədə daha az travmatikdir.
Radiotezlikli dalğalar dermanın həm orta, həm də aşağı qatlarına, dərialtı piy toxumasına təsir edir. Nəticədə qırışlar açılır, gözaltı torbalar itir, dərinin rəngi və tonusu yaxşılaşır.
RF lifting və onun növləri
- Monopolyar. 1 dəfə aparılır. Cavanlaşdırıcı effekt verir. Qarın, eləcə də bud nahiyələrində piy qatları və sellülitlə mübarizə aparır. Təhlükəsizdir.
- Bipolyar. Monopolyar növdən fərqli olaraq, maqnit sahəsi yoxdur. Dəri toxumaları 450°C-yə qədər qızır. Prosedur ağrılı deyil. Tam kursu başa vurmaqla arzuolunan nəticə əldə edilir.
- Tripolyar. Prosesdə bir neçə elektrod iştirak edir. Radiodalğalar dərinin müxtəlif dərinliklərinə təsir göstərir. Bu metod 2 əvvəlki növlərin müsbət cəhətlərini özündə birləşdirir.
RF-liftingin növü nahiyədən və məqsəddən asılı olaraq, fərdi qaydada seçilir.
RF lifting prosedurunun üstünlükləri
- Digər cavanlaşma üsullarından (Lazer, İPL və s.) fərqli olaraq, dəri yanıqlarına rast gəlinmir. Çünki reaksiya epidermis və derma arasında gedir, bura əzələ toxuması cəlb olunmur.
- Nəticə prosedurdan dərhal sonra bilinir
- Ağrısızdır, narkoza ehtiyac qalmır
- Mürəkkəb hazırlıq periodu və reabilitasiya dövrünə gərək olmur
- Prosedurdan sonra çapıq əmələ gəlmir
- Mənfi təsirlər müşahidə edilmir
- İstənilən dəri tipinə uyğundur
- Digər cavanlaşdırıcı kosmetik prosedurla birgə aparıla bilər
- İnfeksiyaya yoluxma riski qeydə alınmır
- Yüksək dəqiqlik sayəsində qonşu nahiyələrə toxunmadan müəyyən zonaya təsir göstərmək mümkündür
- Allergik reaksiya baş vermir
- Prosedur bədən quruluşunu korreksiya edir, yaş dəyişiklikləri ilə mübarizə aparır.
RF lifting proseduruna göstərişlər
- Ptoz – üz toxumalarının sallanması;
- Sellülit;
- Dəri çatları (striyalar);
- Arıqlamadan sonra dəri sallanması;
- Gözaltı torbacıqlar;
- Dəri tonusunun azalması;
- Yaşla əlaqəli və mimik qırışlar;
- Dəridə piy yığıntıları;
- Aknedən sonrakı ləkələr.
RF lifting proseduruna hazırlıq
Prosedurdan öncə dekorativ kosmetika və krem istifadə etmək olmaz. Təsir zonasında dərini təmizləmək lazımdır. Bəzək əşyalarını və kontakt linzaları çıxarmaq gərəkdir. Kişilərdə üz nahiyəsində RF lifting aparılacaqsa, öncədən təraş olmaq məsləhət görülür.
RF lifting proseduru necə aparılır?
Zonadan asılı olaraq kosmetoloq aparatda proqramı seçir. Təmizlənmiş dəriyə hipoallergen ötürücü gel sürtür. Daha sonra xüsusi başlıqla dərini masaj edir. Prosedur 15 dəqiqədən 2 saata qədər davam edir.
Sonda üz yuyulur və qidalandırıcı krem çəkilir. Seans vaxtı yüngül batma və istilik hissi olur. Porsedurdan sonra dərinin dartılması və cavanlaşması nəzərə çarpır.
RF lifting neçə seansdan ibarətdir?
Nəticənin uzunmüddətli olması üçün 12 günlük intervalla 5-8 prosedur icra olunur. Artıq 1-ci seansdan müsbət dəyişikliklər aydın şəkildə bilinir. Tam cavanlaşma prosesi 21 gün sonra başlayır. Kurs bitdikdən sonra ildə 1 dəfə kosmetoloqa getmək və RF lifting prosesini təkrarlamaq tövsiyə olunur.
RF lifting proseduruna əks-göstərişlər
- İnfeksion xəstəliklər;
- Hamiləlik və süd vermə dövrü;
- Virus infeksiyaları;
- Aybaşı dövrü;
- Bədənin müəyyən hissəsində qızıl sapların olması;
- Kəskin fazada xroniki xəstəliklər;
- İmplant, ştift, təsir zonasında metal elementlərvə cərrahi protezlər;
- Prosedur zonasında dərinin tamlığının pozulması;
- Kardiostimulyator daşınması;
- Şəkərli diabet;
- Autoimmun xəstəliklər;
- Hipertoniyanın ağır formaları;
- Qıcolma və huşun itməsi ilə müşayiət olunan ağır nevroloji xəstəliklər.
Rf lifting prosedurundan sonra
Yaranan yüngül şişkinlik və qızartı 2 gün ərzində keçir. İlk günlərdə idmanla məşğul olmaq, sauna, hamam, solyariyə getmək qadağandır. Günəş şüalarının təsirindən qorunmaq lazımdır. Əks halda dəridə piqment ləkələri əmələ gələ bilər.
RF lifting qiyməti
1 prosedurun qiyməti nahiyədən asılı olaraq, 20-50 AZN arasında dəyişir.
Ləkələri neçə seansa aparır? İlk sens dan nəticə bilinir?
Salam. Seans sayı ləkənin ölçü və dərəcəsindən asılıdır. Bu, həkim baxışından sonra fərdi qaydada təyin edilir.