Saç üçün maya maskası

Mayanın tərkibində bir çox mineral və vitaminlər vardır. Bu maddələr tük follikullarını qidalandırır, canlandırır, sürətlə böyüməsini təmin edir. Mayadan həmçinin sızanaqların və aknenin müalicəsində də istifadə olunur. Saç üçün maya maskası sayəsində saçlarınız sağlam, gözəl və gur görünəcəkdir.
Saç üçün maya maskası necə təsir edir?
Mayalı maska stresslə əlaqəli saç tökülmələrinin qarşısını alaraq, onların sağlam şəkildə uzanmasını asanlaşdırır. Mayanın tərkibindəki B5 vitamini keratin sintezinə təkan verir. Keratin isə öz növbəsində saçları möhkəmləndirir və gurlaşdırır.
Saç üçün effektiv maya maskası
Saça parlaqlıq, canlılıq verir, kəpəyi azaldır, tökülmənin qarşısını alır.
İnqrediyentlər
- ½ stəkan kefir (normal və quru saçlara yağlı kefir, yağlı saçlara isə yağlılıq faizi az olan kefir lazımdır)
- 1×2 sm ölçüdə yaş maya (məsələn, pakmaya)
- 2 ç.q. bal (bal yoxdursa, şəkər tozu qatmaq olar).
İnqrediyentləri yaxşıca qarışdırıb, köpüklənənə qədər 20-40 dəqiqə müddətində isti yerdə saxlayın. Maska hazır olduqdan sonra tüklərin dibinə sürtərək, bütün saç boyu bərabər paylayın. Başınıza dəsmal bağlayın. 40 dəqiqə gözlədikdən sonra su ilə yuyun. Saç tökülməsi güclüdürsə, maskanı 10 gün ərzində hər gün tətbiq edə bilərsiniz. Tökülmə zəifdirsə, həftədə 2 dəfə istifadə kifayətdir.
Quru saç üçün maya maskası
Bu maska quru saçları nəmləndirir, kəpəyi yox edir.
İnqrediyentlər
- 40-50 qram yaş maya
- kefir
Yaş mayanın üzərinə gözəyarı kefir əlavə edib, krem halına gələnə qədər qarışdırın. Maskanı tükün dibinə çəkib, artığını daraqla saç boyu paylayın. Saçınızı streç plyonka və ya dəsmalla bağlayıb, 60-70 dəqiqə gözləyin. Sonda ilıq su ilə yuyun.
Zəif və cansız saç üçün maya maskası
Tərkibi
- 1/2 paket yaş maya
- 2 çay qaşığı ilıq süd
- 1 xörək qaşığı şirin badam yağı
- 2 çay qaşığı buğda yağı
- 1 ədəd yumurta sarısı
Əvvəlcə mayanı ilıq süddə həll edib, isti yerdə 1 saat saxlayın. Ayrı bir qabda yumurta sarısına badam və buğda yağı əlavə edib qarışdırın. Məhlulu su hamamında isidin. Südlü mayanı onun üzərinə tökün. Hazır maskanı saçınızın diblərinə çəkib, darayın. Baçınızı streç klyonka və ya dəsmalla bağlayın. 1.5-2 saat gözlədikdən sonra yuyun.
Solğun saç üçün maya maskası
İnqrediyentlər
- 1/2 paket yaş maya
- 2 ç.q. ilıq su
- 1-2 xör.qaş. soğan şirəsi
- 2 çay qaş. gənəgərçək yağı
- 2 çay qaş. atpıtrağı yağı
- 1 çimdik duz
Əvvəlcə yaş mayanı ilıq suda həll edib, isti yerdə 30-60 dəqiqə saxlayın. Daha sonra üzərinə soğan şirəsi, duz, gənəgərçək və atpıtrağı yağlarını əlavə edin. Qarışığı baş dərinizə çəkib, qalanını saçlarınıza sürtün. Başınızı streç klyonka və ya dəsmalla bağlayın. Maskanı 1 saat saxlayıb, şampunla yuyun.
Seyrək saç üçün maya maskası
İnqrediyentlər
- 1 paket yaş maya
- 1 ç.q. ilıq su
- 2 ç.q. şəkər tozu
Mayanı suda əridin, sonra şəkərlə yaxşıca qarışdırıb, qabarana qədər gözləyin. Hazır olduqda baş dərinizə çəkib, dəsmalla bağlayın. 1 saat keçdikdə ilıq su ilə saçınızı yuyun.
Saç üçün ballı maya maskası
Tərkibi
- yaş maya
- bal
- az miqdarda ilıq su
Yaş maya və baldan bərabər miqdarda götürüb, yaxşıca qarışdırın. Saçınızın qalınlığına və uzunluğuna görə miqdarı özünüz təyin edin. Qarışığı tük dibinə çəkdikdən sonra başınıza dəsmal bağlayın. 1-1.5 saat saxlayıb yuyun.
Hamısı var bircə yaş mayada tapım bu maskanı saçlarımda sinayacam