Saç mezoterapiyası

Saç mezoterapiyası – bioaktiv komponentlərin dərialtı yeridilməsi ilə trixoloji problemləri aradan qaldıran üsuldur. Prosedur geniş spektrli məsələləri – kəpəkdən tutmuş müxtəlif etiologiyalı keçəlləşməni (alopesiya) həll edir. Mezoterapiya ağrısız və effektiv olması ilə seçilir. Bu üsul bütün saç tiplərinə uyğun gəlir.
Saç mezoterapiyası necə aparılır?
Mezokokteyllər baş dərisinə 2 yolla (manual və ya aparat) yeridilir. Manual formada preparat nazik iynəli şprislə dəri altına vurulur. Aparat üsulunda isə mezoinjektordan – kosmetoloji tapançadan istifadə olunur.
Kokteylin tərkibindən və yeridilmə yolundan asılı olaraq, saçların mezoterapiyası aşağıdakı formalara ayırd edilir:
- Allopatik – medikamentoz komplekslərlə keçəlləşmə əleyhinə aparılan terapevtik prosedur;
- Homoepatik – hüceyrə fermentləri ilə zəngin məhlullarla immunomoduləedici təsir;
- Oksimezoterapiya – yüksək təzyiq altında nazik oksigen şırnağı ilə maddələrin dəri daxilinə yeridilməsi;
- Mikroelementli – tük follikullarının çatışmayan mineral maddələrlə, məsələn, mis, maqnezium, dəmir, zink ilə qidalandırılması;
- Çoxkomponentli – saçların fitoekstrakt, dərman, aminturşu, vitamin və mineral tərkibli kokteyllə kompleks şəkildə bərpası.
Saç mezoterapiyası necə seansdan ibarətdir?
Prosedurun effekti yeridilən maddələrin tük follikullarına çataraq, onu aktivləşdirməsinə əsaslanır. Gözlə görünən nəticənin əldə olunması üçün prosedur 2-3 ay müddətində hər 1-2 həftədən bir aparılmalıdır. Nəticənin qalıcı olması üçün 5-10 seanslıq müalicə kursu ildə bir neçə dəfə təkrarlanmalıdır.
Saç mezoterapiyası və onun əsas effektləri
- Yatmış tük soğanaqlarının «oyanması»;
- Saçların tökülmə intensivliyinin azalması;
- Baş dərisinin su-yağ balansının bərpası;
- Baş dərisində piy ifrazının normaya düşməsi;
- Erkən saç ağarmasının qarşısının alınması;
- Saçların qalınlaşması və möhkəmlənməsi;
- Baş dərisində qan dövranının yaxşılaşması.
Saç mezoterapiyası hansı komponentlərlə aparılır?
Bioaktiv maddələr tibbi göstərişlərə əsasən fərdi şəkildə seçilir. Mezokokteyllərin əsasını vitamin və minerallar təşkil edir. Mis və sink peptidlər tük follikulunu zədələyən 5-alfa-reduktaza fermentinin təsirini zəiflədir. B qrup vitaminlər mübadilə proseslərini stimulə edir. Aminturşular isə keratin liflərin yaranmasına səbəb olmaqla, tükləri möhkəmləndirirlər.
Bəzən kokteylin tərkibinə baş dərisinin mikrosirkulyasiyasını yaxşılaşdıran koenzim Q10 əlavə edirlər. Dekspantenol sakitləşdirici təsir göstərir. Hialuron turşusu dəri örtüklərinin quruluğunu aradan qaldırır. Keçəlləşmə əleyhinə preparatlarda finesterid mövcuddur. Bu maddə saç tökülməsini hormonal səviyyədə dayandırır.
Saç mezoterapiyası – göstərişlər
- saçların tökülməsi;
- kəpək və qaşınma;
- erkən saç ağarması;
- baş dərisində seboreyalı dermatit;
- saç uclarının haçalaşması (saçqıran);
- doğuşdan sonra saçın keyfiyyətinin pisləşməsi;
- kimyəvi boya və buruqlardan sonra saçların ləng uzanması.
Saç mezoterapiyasından sonra tellərə qulluq
Soyuq aylarda mezoterapiyadan sonra papaq taxmaq lazımdır. Həmçinin yay fəslində saçları günəş şüalarından qorumaq tövsiyə olunur. Prosedurdan sonra 1 saat ərzində saçları daramaq, 4 saat müddətində isə baş dərisinə əllə toxunmaq qadağandır. 1 gün başı yumaq olmaz. Hamam, sauna, solariumdan 2-3 gün, aktiv kosmetoloji prosedurlardan isə 1 həftə uzaq durmaq gərəkdir.