Seboreyalı dermatit nədir?
Seboreyalı dermatit nədir? Seboreyalı dermatit dəri mikroflorasının pozulması və piy vəzilərinin aktiv sekresiyası nəticəsində yaranan xroniki iltihabi xəstəlikdir.
Seboreyalı dermatit nədir – səbəbləri
Xəstəliyin inkişafı aşağıdakı amillərlə bağlıdır:
- Genetik meyllik;
- Maddələr mübadiləsi pozulması;
- Xarici mühitin təsiri.
1874-cü ildə fransız mikrobioloq L.Malassez ilk dəfə xəstəliyin törədicisinin Pityrosporum adında lipofil maya göbələyi olduğunu aşkar etmişdir. Bu mikroorqanizm həmin alimin şərəfinə Mallassezia adlandırılmışdır. Adı çəkilən göbələklər sağlam dərinin mikroflorasına daxildir. Onlar piy vəzilərinin ətrafında toplanır. Vəzilərin ifraz etdiyi yağ göbələklərin böyüməsini təmin edir.
Aparıcı dermatoloqlar xəstəliyin digər səbəblərinə aşağıdakıları aid edirlər:
- Neyrogen faktorlar
Seboreyalı dermatit sinir pozğunluğu və stress səbəbindən kəskinləşə bilər. Mərkəzi və periferik sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar seboreyalı dermatitə meylli olur. - İmmun pozğunluq
Araşdırmalara görə immunodefisitli (HİV, QİÇS) xəstələrdə seboreyalı dermatitin inkişaf ehtimalı 80%-dir. - Hormonal fonun dəyişməsi
Seboreyalı dermatitin inkişafında hormonal disbalans mühüm rol oynayır. Bu xəstəliyə yeniyetməlik dövründə daha çox təsadüf edilir.
Seboreyalı dermatit nədir – əlamətləri
- Buynuz qatın qalınlaşması, qabıqlanma;
- Yağlı parıltı, seboreya, sebostaz (dəri sekretinin tük follikulunda durğunluğu və toplanması);
- Dəridə iltihab;
- Dərinin qaşınması.
Seboreyalı dermatitdə baş və bədəndə piy vəzilərinin aktiv olduğu nahiyələr – başın tüklü hissəsi, sinə, kürək, qulaqarxası, burun-dodaq üçbucağı zədələnir. Tüklər yağlı və nazik görünür.
Seboreyalı dermatit nədir – kliniki göstəriciləri
Seboreyalı dermatit dəridə qabıqlanma və iltihab, eləcə də qaşınma ilə müşayiət olunur. Xəstəlik kiçik ölçülü una bənzər qabıqlar, kəpək ilə özünü büruzə verir. Dəri elementləri simmetrik yerləşir. Başın tüklü hissəsi ilə yanaşı qaş, kirpik, saqqal və bığlara da yayılır.
Seboreyalı dermatit nədir – diaqnostikası
Xəstəliyin diaqnostika metodları spesifik və qeyri-spesifik olmaqla 2 qrupa bölünür.
Qeyri-spesifik diaqnostik metod nədir?
- Anamnez toplanması;
- Ultrasəs müayinəsi;
- Laborator metodlar;
- Fiziki müayinə.
Spesifik diaqnostik metod nədir?
Xəstəliyin diaqnostikasında ən informativ üsul dermatoskopiya sayılır. Bu, dəri diaqnostikasının qeyri-invaziv optik metodudur. Onun köməyilə morfoloji strukturları dəyərləndirmək mümkündür. Manual dermatoskop dəri görüntüsünü 10 dəfə böyüdür. Bundan əlavə işıqlı videomikroskopla və ya x10, x60, x200 dəfə böyüdücü linzalı xüsusi videokamera ilə xəstəlik üzə çıxarıla bilər.
Seboreyalı dermatitin müalicəsi nədir?
Seboreyalı dermatit mərhələli gedişə malikdir. İltihabi prosesə rast gəlinmədikdə kəpəklənməni xaricə tətbiq olunan vasitələrlə qisa zaman ərzində aradan qaldırmaq mümkündür. Xəstəlik ağırlaşdıqda isə daha ciddi və kompleks müalicə tələb olunur.
Seboreyalı dermatitin kompleks müalicəsi ümumi və yerli təsirli preparatlarla aprılır.
Sistem təsirli preparatlar
Ümumi vasitələrə immunostimulyatorlar, göbələk əleyhinə dərmanlar, antibiotiklər, qeyri-steroid iltihabəleyhinə preparatlar aiddir. Yerli müalicə sxeminə keratolitik, qlükokortikoid, antiseptiklər və göbələk əleyhinə dərmanlar aiddir.
Keratolitik preparatlar (başın tüklü hissəsinin pilinqi) – buynuz qatın qalınlaşması və qabıqlanma ilə mübarizə aparır. Üzvi və qeyri-üzvi turşulardır (məs. meyvə turşuları, qlikol turşusu). Bu vasitələr spesifik losyonlar, plazmalar, maskalar şəklində tətbiq edilir.
Salisil turşusu – seboreyalı dermatitdə geniş istifadə olunur. Keratolitik preparatlar qlükokortikoidlər və iltihabəleyhinə preparatlarla kombinə olunduqda daha yaxşı nəticələr əldə edilir.
Sebokorrektorlar – yağlı parlaqlığın aradan qaldırılması məqsədilə tətbiq olunur. Onlar şampun, losyon, plazmalar və serum şəklində buraxılır. Belə dərmanlar əsasən biokükürd, sink, polisorbatlar və gil əsasındadır.
Göbələk əleyhinə komponent – pilinq, losyonlar və şampunları tərkibinə daxildir. Müasir antimikotik (göbələkəleyhinə) dərmanlara ketokonazol, klimbazol və piroktonolamin aiddir.
İltihabəleyhinə komponent – antibiotiklər, kortikosteroidlər qismində təyin olunur.
Yerli təsirli preparatlar
Müalicəvi losyon, sakitləşdirici maska və plazmaların tərkibində müxtəlif bitkilərin ekstraktlarına, kamfora, mentol, evkalipt və ya çayağacı yağına rast gəlinir. Onlar iltihab əleyhinə təsirlərə malikdir.
Yuxarıda sadalanan metodlarla yanaşı seboreyalı dermatit xəstələri xüsusi pəhriz saxlamalıdır. Qida rasionundan süd məhsulları, qənnadı məmulatları, doymuş yağlar, ədviyyatlar çıxarılmalıdır. Meyvə-tərəvəzlər, yağsız ət, balıq, dənli bitkilərə üstünlük verilməlidir.