Saç parıldadan maskalar
Hər bir qadın parlaq və ipək kimi saçlara sahib olmaq istəyir. Hazırda saçlara parlaqlıq verən saysız-hesabsız serum və kosmetik vasitələr mövcuddur. Amma zamanla bu məhsullar saçlara zərər verə bilər. Ticari kosmetik vasitələrin əvəzinə saç parıldadan maskalar hazırlamaq daha məqsədəuyğundur.
Yumurta ilə saç parıldadan maskalar
Yumurta saçlara anında parlaqlıq bəxş edir, həm də tükləri qidalandırır. Zülal, yağ turşuları və lesitin qaynağı olan yumurta zədələnmiş, solğun saçları bərpa edir, tük follikullarını möhkəmləndirir.
Resept №1
- 1 yumurta ağı
- 1 x.q. zeytun yağı
- 1 x.q. bal
Komponentləri həmcins kütlə əldə olunana qədər qarışdırın. Bu pastanı nəm saçlarınıza çəkin, başınızı dəsmalla bağlayın. 30 dəqiqə gözləyin. Sonda şampun və ilıq su ilə yuyun.
Resept №2
- 2 yumurta
- 2 x.q. badam yağı
- 5 stəkan qatıq
Yumurtanı köpüklü konsistensiya alınana qədər qarışdırın. Üzərinə badam yağı və qatıq əlavə edin. Qarışığı saçınıza və baş dərinizə çəkin. 30 dəqiqədən sonra ilıq su ilə yaxalayıb, şampunlayın. Parlaq saçlar əldə etmək üçün bu tip maskalar həftədə 1 dəfə tətbiq edilir.
Qeyd: yumurta maskasını istifadə etdikdən sonra saçınızı isti su ilə yaxalamayın. Çünki yüksək temperaturlu su yumurtanı pıxtalaşdırdığından onu təmizləmək çətin olur.
Saç parıldadan pivəli maskalar
Pivə mükəmməl saç tonikidir. Onun tərkibindəki zülallar zədələnmiş saçlara yardımçı olur, saç köklərinin qidalanmasını təmin edir. Bu da tüklərə parlaqlıq və həcm verir.
Saçlarınızı şampunla yuyub, ardınca kökündən uclarına qədər pivə sürtün. Dairəvi hərəkətlərlə dərinizə yaxşıca yeridin. Təxminən 5 dəqiqə saxlayıb yaxalayın. Pivəni həftədə 2 dəfə tətbiq edin.
Kokos yağı ilə saç parıldadan maskalar
Parlaq saçlar əldə etmək üçün saçlarınıza müntəzəm şəkildə yağ sürtün. Kokos yağı optimal seçimlərdəndir. Zədələnmiş və yanmış saçlar üçün maskaların hazırlanmasında kokos yağından tez-tez istifadə edilir.
Saçınıza kökündən uclara qədər isidilmiş kokos yağı sürtün. Bir neçə dəqiqə masaj edib, başınızı 30 dəqiqə ərzində dəsmalla bağlayın. Sonra saçınızı su ilə yaxalayın və şampunlayın.
Yağı həftədə 1-2 dəfə tətbiq edin. Kokosla yanaşı gənəgərçək və ya badam yağı da istifadə edə bilərsiniz.
Saç parıldadan mayonezli maskalar
Mayonez saçınızı güclü, yumşaq, sağlam və parlaq hala gətirəcək amin turşuları, zülal və antioksidantlara sahibdir.
Saç uzunluğuna görə gərəkən miqdarda tam yağlı mayonez götürün. Onu yenicə yuyulmuş saçlarınıza çəkin. Başınızı ən azı 30 dəqiqə dəsmalla bağlayın. Vaxt tamam olduqda mayonezi soyuq su və şampunla təmizləyin. Saçlarınızın parlaqlığını artırmaq məqsədilə bu maskanı həftədə 1 dəfə təkrarlayın.
Alma sirkəsi ilə saç parıldadan maskalar
Alma sirkəsi saçları yumşadır, parıldadır və nəmləndirir. Cansız və solğun görünən saçları bərpa edir. Kəpəklənmə, baş dərisinin qaşınması və tüklərin elektriklənməsini aradan qaldırır.
Bunun üçün alma sirkəsi və suyu bərabər nisbətdə qarışdırın. Saçlarınızı yuduqdan sonra qarışığı başınıza tökün. 5 dəqiqə gözləyib soyuq su ilə yaxşıca yaxalayın.
Alternativ olaraq 2 x.q. alma sirkəsi və 1 ədəd limonun suyunu 1 stəkan su ilə qarışdırın. Çimib çıxarkən sonda saçlarınızı bu məhlulla yaxalayın. Həftədə yalnız 1 dəfə tətbiq edin.
Avokadolu saç parıldadan maskalar
Avokado saçınızı dərindən nəmləndirir, qidalandırır. Bu da saçlarınızı hamar və parlaq hala gətirir. Avokado qurumuş, zədələnmiş saçlar üçün çox faydalıdır.
Resept №1
- 2 x.q. zeytun yağı
- 1 avokado
Avokadonu əzib, zeytun yağı ilə qarışdırın. Onu dib hissədən başlayaraq, uclarına qədər nəmli saçlara tətbiq edin. Dəsmalla bağlayın. 30 dəqiqədən sonra başınızı yaxalayın və şampunlayın.
Saç parıldadan resept №2
- 1 ədəd yetişmiş avokado
- 1 ədəd yetişmiş banan
- 2 x.q. badam yağı
Avokado və bananı əzib, üzərinə badam yağı əlavə edin. Bu qarışığı masaj hərəkətləri ilə baş dərinizə və saçlarınıza yeridin. 30 dəqiqə gözləyin. Sonda ilıq su ilə yaxşıca yaxalayın və şampunla yuyun. Maskanı həftədə 2 dəfə təkrarlayın.
Saç parıldadan ballı maskalar
Bal parlaq saçlar üçün effektiv təbii məhsuldur. Saçınıza nəm verən və suyu daxildə saxlamağa yardım edən natural nəmləndiricidir. Bal saçlarınızı yumşaq və parlaq hala gətirir.
- 2 stəkan isti su
- 3 x.q. bal
Balı suda həll edib, qarışığı sprey şüşəsinə boşaldın. Şampunlamadan sonra bu məhlulu saçınıza püskürdün. Yavaşca baş dərinizi masaj edin və 15 dəqiqə gözləyin. Vaxt başa çatdıqda isti su ilə yaxalayın. Həftədə 1 dəfə tətbiq edin.
Xülasə
Saç parıldadan maskalar çox sadə üsulla hazırlandığından onlardan ev şəraitində istifadə etmək mümkündür. Ən əsası effektini qısa zaman ərzində görəcəksiniz.