Ziyilin müalicəsi
Ziyilin müalicəsi üçün hazırda apteklərdə müxtəlif vasitələr var. Lakin onu da vurğulamaq lazımdır ki, bir xəstə üçün effektiv olan preparat digəri üçün faydalı olmaya bilər. Bu səbəbdən ziyil ev şəraitində özbaşına deyil, yalnız dermatoloq tərəfindən müalicə edilməlidir.
Ziyilin müalicəsi necə aparılır?
Ziyilin törədicisi papillomavirus infeksiyası olduğundan yalnız törəməni aradan qaldırmaqla kifayətlənilmir. Çünki immun sistemi zəif olsa, virus yenidən baş qaldıracaq. Belə hallarla qarşılaşmamaq üçün immunitet möhkəmləndirilir.
Ziyilin müalicəsi hansı üsullarla edilir?
Müalicə sxemi fərdi qaydada təyin edilir. Ümumilikdə ziyil aşağıdakı üsullarla yox edilir:
- mexaniki üsul;
- dərman müalicəsi.
Mexaniki üsul dedikdə elektrokoaqulyasiya (yüksək temperaturlu elektrik cərəyanı), krioterapiya (maye azot) və ya lazerlə yandırılma nəzərdə tutulur.
Ziyilin dərmanla müalicəsi – tabletlər
Virusa yoluxma immunitetin zəifləməsi səbəbindən baş verdiyindən orqanizmin müdafiə xüsusiyyətlərini gücləndirən dərmanlar qəbul edilir. Bu qrupa immunomodulyatorlar, virusəleyhinə preparatlar, vitamin kompleksləri daxildir. Bəzən belə vasitələri istifadə etdikdə ziyil tamamən yox olur, digər üsullara ehtiyac qalmır.
Ziyilin müalicəsi – krem, maz və plastırlar
Bu tip vasitələr yerli təsir göstərir:
- virus əleyhinə krem və mazlar: viferon, oksolin mazı, İmikvimod krem və s.;
- interferon sintezini stimulə edən virusəleyhinə gel: Panavir və s.;
- qələvi, turşu və yağ məhlulları. Onlar yandırıcı xüsusiyyətə malikdir: ferezol, kollomak və s.;
- plastır: ən məşhur növü salisil turşusu tərkibli salipod;
- gümüş-nitrat (lapis) əsaslı qələm. Ziyilə yandırıcı təsir göstərir. Onu üz nahiyəsinə çəkmək olmaz, çünki çapıq qalır.
Ziyilin bitki preparatları ilə müalicəsi
Bitki tərkibli dərmanlar təbii olduğundan əhali arasında çox istifadə olunur. Onların ən məşhur növləri aşağıdakılardır:
- Papilayt – sarımsaq, qırmızı bibər, propolis, topinambur şirəsi və digər təbii komponentlərdən ibarətdir. Preparat ziyili yox edir, immun sistemini möhkəmləndirir.
- Papilyüks – sarımsaq, çili bibəri, rododendron, propolis və digər bitki komponentlərindən hazırlanır. Preparat ziyili aradan qaldırır, virusun yayılmasını dayandırır, immun sisteminin fəaliyyətini stimulə edir.
Təbii preparatlar uşaqlarda da tətbiq edilə bilər.
Ziyilin kompleks müalicəsi ondan birdəfəlik qurtulmağa imkan verir. Bunun üçün xəstəliyin xarici əlamətlərini itirməklə yanaşı, orqanizmin müdafiə qabiliyyəti də möhkəmləndirilməlidir.