Perioral dermatit

04 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1717
Perioral dermatit foto
5/5 - (4 səs)

Perioral dermatit – ağızətrafı dəridə məhdud eritema, papula (qovuqcuq), pustula (irinlik) şəklində təzahür edən iltihabi xəstəlikdir. Ona əvvəllər 16-25 yaşlı qızlarda daha çox rast gəlinirdi. Ancaq indiki dövrdə xəstəlik uşaqlarda da sıx müşahidə olunur.

Perioral dermatit necə inkişaf edir?    

Xəstəliyin ilkin əlamətlərinə qırmızımtıl papula və papulo-pustulyoz dəyişikliklər aiddir. Onlar ağız ətrafında, həmçinin yanaq və burunda əmələ gəlir. Tək-tək hallarda gözətrafı nahiyə zədələnir. Üzdəki səpkilər simmetrik və ya təktərəfli formalaşır. Perioral dermatit digər dəri xəstəliklərindən dodaq ətrafında haşiyələnmə ilə fərqlənir.

Qranulomatoz formalı perioral dermatit əsasən uşaqlarda yaranır. Zədələnmiş nahiyənin rəngi dəyişir, papulalar çəhrayı, sarımtıl, qəhvəyi çalarda olur. Səpkilər ənənəvi şəkildə həm dodaq ətrafına, həm də baş dərisinə yayılır.

Perioral dermatit foto 1

Ağızətrafı dermatit kosmetik problemdir    

Perioral dermatit ilk dəfə XX əsrin ortalarında üzə çıxarılmışdır. Xəstəliyin risk qrupuna 20-45 yaşlı insanlar daxildir. Bəzi dermatoloqlar hesab edir ki, xəstəlik rozaseanın bir formasıdır. Ancaq bu fikir birmənalı qarşılanmır. Çünki dəridəki səpkilərin xarakteri bir qədər fərqlidir.

Perioral dermatit nədən yaranır?                 

Xəstəliyi yaradan səbəblər tam dəqiqləşdirilməmişdir. Lakin perioral dermatitin inkişafına təkan verən bəzi faktorlar araşdırılmışdır:

Hormonal steroid preparatlar

Krem, maz, tablet və inhalyasiyaların tərkibindəki steroid hormonlar xəstəliyin yaranma ehtimalını artıra bilər. Hidrokortizon istifadəsinin yanaşı təsirlərindən biri perioral dermatit hesab olunur.

Qəribə də olsa belə bir fakt aşkarlanmışdır ki, perioral dermatiti steroid dərmanlarla müalicə etdikdə papulyoz səpkilər itir. Ancaq hormonal müalicəni bitirdikdən sonra səpkilər yenidən yaranır. Bu zaman əlamətlər daha qabarıq olur.

Perioral dermatit foto 2

Kosmetik vasitələr

Bəzi hallarda perioral dermatitə müəyyən kosmetik məhsullar – losyonlar, kremlər, makiyajı təmizləyən vasitələr səbəb olur. Səpkilər tonal krem istifadəsindən sonra da əmələ gələ bilər.

Diş məcunu

Tərkibində flüor olan diş pastaları perioral dermatit yarada bilər.

Hava şəraiti

Bəzi həkimlərin fikrincə xəstəliyin inkişafında təbiət dəyişiklikləri, külək və günəş şüalarının rolu vardır.

Kontraseptiv hormonal dərmanlar

Qadınlar hamiləlik əleyhinə dərmanları uzunmüddət qəbul etdikdə perioral dermatit inkişaf edə bilər. Buna görə də xəstəliyin əlamətləri müşahidə olunduqda oral kontraseptivlərin qəbulunu dayandırmaq lazımdır.

Perioral dermatit foto 3

Xəstəliyin müalicəsi

Müalicəyə başladıqda 2-3 həftə ərzində xəstəlikdən qurtulmaq mümkündür. İlk növbədə müalicə prosesində makiyajdan və kosmetoloji təmizləyici vasitələrdən imtina etmək lazımdır. Üzü isti su ilə yumaq tövsiyə olunur. Flüorlu diş məcununu adi pasta ilə əvəzləmək məsləhət görülür. Hormon əsaslı krem, maz və losyonlardan uzaqlaşmaq gərəkdir.

Perioral dermatitin müalicəsində dərman preparatları

Müalicə üçün tetrasiklin qrupundan antibiotiklər təyin olunur. Nəticəni bir neçə həftəyə görmək mümkündür. Antibiotiklər krem, maz və ya losyon şəklində tətbiq edilir. Xəstəliyin irəliləmiş formasında antibiotiklər şam şəklində düz bağırsağa yeridilir və ya daxilə qəbul olunur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (4 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir