Göbələk xəstəliyi nədən yaranır?
Göbələk xəstəliyi əhali arasında çox sıx rastlanan patologiyadır. Yay fəslində onun yayılma tezliyi ən yüksək həddə çatır. Tibbi ədəbiyyatında onu mikoz kimi də qeydə alırlar. Bəs göbələk xəstəliyi nədən yaranır? Bu suala ətraflı cavab verək.
Göbələk xəstəliyi nədən yaranır – onun inkişaf amilləri
Yaş
Dermatomikozlar 30 yaşdan yuxarı insanlarda daha çox müşahidə edilir. Bu fenomeni mütəxəssislər yaş artdıqca immunitetin zəifləməsi ilə əlaqələndirirlər.
Cins
Maya göbələklərinin törətdiyi xəstəliklər kişilərə nisbətən qadınlarda 3 dəfə çox aşkarlanır. Onlarda bu patologiya uşaqlıq yolunda vaginal kandidoz kimi təzahür edir. Digər mikroorqanizmlərin törətdiyi göbələk xəstəliklərindən (dırnaq, saçda seboreik dermatit kimi) ən çox kişilər əziyyət çəkir.
Göbələk nədən yaranır – xəstəliklər
Aşağı ətraflarda qan dövranın pozulması, ürək-damar çatışmazlığı, venaların varikoz genişlənməsi, immunodefisit vəziyyətər, disbakterioz, endokrin patologiyalar, antibiotiklər və kortikosteroidlərin uzunmüddətli qəbulu zamanı göbələk xəstəliyi ehtimalı yüksəlir.
Gigiyena qaydalarının pozulması
Başqasının ayaqqabısını geyindikdə, hamam, sauna, hovuz kimi ictimai yerlərdə ayaqyalın gəzdikdə göbələk xəstəliyi daha tez yoluxur. İnfeksiya kontakt yolu ilə keçir. Ailədaxilində göbələk xəstəliyi olan insanın dəsmalı, hamam əşyaları, ayaqqabıları, darağı və paltarından istifadə etdikdə infeksiyaya yoluxma baş verir.
Göbələk nədən yaranır – kosmetoloji prosedurlar
Gözəllik salonlarına müntəzəm gedən insanlarda manikur və pedikur əsnasında yaralanmalardan yoluxmaq mümkündür. Belə hallara yol verməmək üçün hər zaman manikur, pedikur dəstinizi özünüzlə aparın.
Peşə fəaliyyəti
Göbəlik xəstəliyinin risk qrupuna hərbiçilər, idmançılar və şaxtaçılar daxildir. Çünki isti və rütubətli mühit patogen göbələklər üçün əlverişli şərait sayılır.
Göbələk xəstəliyi nədən yaranır – heyvanlar
Təsərrüfatla məşğul olan və ya ev heyvanı saxlayan insanlar asanlıqla bu patologiyaya yoluxa bilər. Ona görə də heyvanın peyvəndləri və xəstəliklərə qarşı profilaktik tədbirləri vaxtlı-vaxtında aparılmalıdır.
İnsanlar
Adətən xəstə insanla təmasdan 3-4 gün sonra əlamətlər özünü göstərir. Çünki, o, birbaşa infeksiya mənbəyidir. Belə insanlar sağalana kimi onlardan qorunmaq məsləhət görülür.
Göbələk xəstəliyi nədən yaranır – su hövzələri
Ümumi istifadə üçün nəzərdə tutulan hövzələr təmizlənmədikdə orada çimən şəxslərin göbələyə tutulma ehtimalı yüksək olur.
Fərdi xüsusiyyətlər
Çox tərləyən şəxslər göbələk xəstəliyinə meylli olur.
Göbələk xəstəliyi nədən yaranır – törədicilərin növləri
Kandidoz – Candida albicans
Dırnaqların onixomikozu – Trichophyton rubrum, Tricophyton interdigitale, Trichophyton tonsurans
Əlvan dəmirov – Malassezia furfur
Seboreyalı dermatit – Pitysporum ovale
Aspergilloz – Aspergillus
Sporotrixoz – Sporotrichium
Qara dəmirov – Exophiala werneckii və s.
Göbələk xəstəliyi necə təyin olunur?
Göbələyin törədiciləri müxtəlif olduğundan diaqnozun dəqiq qoyulması üçün dermatoloq müayinəsindən keçməlisiniz. Daha sonra mikroskopik analiz tələb olunur. Bu məqsədlə dırnaqdan kiçik hissə, əl, ayaq, saç və digər nahiyələrdən isə sıyrıntı götürülür.
Xəstəliyin profilaktikası
- Başqasının ayaqqabısını geyinməyin, onun dəsmalından, qayçı və darağından istifadə etməyin;
- Hər gün ayaqlarınızı yuyub, corablarınızı dəyiin;
- Çimərlikdə və ictimai yerlərdə ayaqyalın gəzməyin;
- Pəncələrin çox quru və nəm olmasına yol verməyin;
- Hovuzdan çıxarkən yaş paltarlarınızı dərhal dəyişin;
- Çox tərləyirsinizsə talk və ya tərləməni azaldan sprey, kremlərdən istifadə edin;
- Antibiotik və kortikosteroidləri həkim nəzarəti olmadan özbaşına qəbul etməyin.
Bu qaydalara əməl etməklə özünüzü göbələk xəstəliyindən qoruya bilərsiniz.