Atopik dermatit nədir?
Atopik dermatit – allergen mənşəli, xroniki gedişli dəri xəstəliyidir. Əsasən allergiyaya genetik meylliyi olan uşaqlarda müşahidə edilir.
Atopik dermatit nədir – səbəbləri
Xəstəliyin əsas səbəbi immun sistemin disfunksiyasının irsən ötürülməsidir. Südəmər dövrdən etibarən xəstəlik orqanizmin südə və müxtəlif qidalara qarşı allergiyası fonunda inkişaf edir. Uşaq böyüdükcə orqanizmə tənəffüs yolu ilə daxil olan maddələr allergen xassəsi daşıyır.
Atopik dermatit nədir – allergenlər
- İnək südü;
- Çiçək tozları;
- Havada olan göbələk sporları;
- Yerli anestetiklər;
- B qrup vitaminlər;
- Ağrıkəsici dərmanlar;
- Yun;
- Hava temperaturunun və rütubətin kəskin dəyişməsi.
Atopik dermatit təhlükəsi nədir?
Xəstəliyin həyati təhlükəsi yoxdur. Sadəcə allergiya uşağın və onun ailə üzvlərinin həyatını kifayət qədər çətinləşdirir.
Atopik dermatit nədir – əlamətləri
Dermatitin əsas əlaməti dərinin qaşınmasıdır. Bununla yanaşı xəstələrdə qızartı, qabıqlanma, quruma, iltihab nəticəsində kobudlaşma və qalınlaşma baş verir. Sadalanan əlamətlər üzdə, boyunda, başın tüklü hissəsində, dirsək büküşlərində və dizaltı çuxurlarda müşahidə olunur. Uşaqlar həmişə bu nahiyələri qaşıyırlar.
Bədənin çox hissəsini əhatə edən və uzunmüddətli gedişata malik formalarda infeksiya və iltihab fonunda irinliklər əmələ gəlir, yerli limfa düyünləri böyüyür. Atopik dermatit çox zaman mədə-bağırsaq xəstəlikləri ilə müşayiət olunur. Xəstəliyi fərqləndirən cəhət yayda əlamətlərin sönməsi, remissiya dövrünə keçməsidir.
Nəzərə almaq lazımdır ki, dəri qaşınması bir çox xəstəliyin simptomu ola bilər. Burada əsas məqam diaqnozun düzgün qoyulmasından ibarətdir.
Xəstəliyin diaqnostikası nədir?
Atopik dermatit uşağın şikayətləri, həkim baxışı və spesifik testlər əsasında müəyyənləşdirilir. Bu testlər allergik sınaqlar adlanır.
Atopik dermatit müalicəsi nədir?
Xəstəliyin müalicəsi kompleks şəklində olmalıdır. Müalicə sxeminə aşağıdakılar daxildir:
Yerli tətbiq olunan preparatlar
- nəmləndirici və yumşaldıcı vasitələr
- yerli qlikokortikoidlər
- yerli antibiotiklər
Daxilə qəbul olunan preparatlar
- antihistamin dərmanlar
- hüceyrələrin membranı stabilləşdirən vasitələr
- allergenspesifik immunoterapiya
Dərman qəbulundan əlavə xüsusi pəhriz, fototerapiya, biorezonansterapiya, psixoterapiya tətbiq olunur.
Həmçinin qida rasionundan allergiya törədən məhsullar tamamən çıxarılmalıdır. Hər bir uşağa onun allerqoloji müayinəsinin nəticələrinə əsasən fərdi pəhriz tərtib edilir.
Atopik dermatit zamanı qida rasionuna dair ümümi məsləhətlər
- Balıq və ət bulyonları, şokolad, kofe, kakao, sitrus meyvələri, yemiş, bal, çərəzlər, kürü, krab, krevetka, ədviyyatlar, pendir, şirniyyat, konservləşdirilmiş məhsulların qəbulu qadağandır.
- Rasiona buxarda bişirilmiş ət, yarmalar, tərəvəz şorbaları, kartof soyutması, sıyıqlar, süd məhsulları, alma, kompot, buğda və çovdar çörəyi əlavə edilməlidir.
Valideynlərə tövsiyələr nədir?
- Xarici mühitin aqressiv faktorları ilə uşağın kontaktını maksimum dərəcədə məhdudlaşdırın;
- Atopik dermatitin kəskinləşmə dövründə övladınıza pambıq corab və əlcəklər geyinib yatızdırın, dırnaqlarını tutun;
- Uşaqları yumaq üçün nəmləndirici effekti olan sabundan istifadə edin;
- Uşağa təzə paltar aldıqda, onu yuduqdan sonra geyindirin;
- Təbii materiallardan hazırlanan, geniş geyimlərə üstünlük verin;
- Uşağın paltarlarını və yataq dəstini yumaq üçün maye halında yuyucu vasitədən istifadə edin. Yuyucu tozlar icazəli deyil;
- İsti havada kondisioneri işə salın. Uşağın çox tərləməsinə yol verməyin;
- Yay aylarında övladınızın dərisinə günəşdən qoruyucu krem çəkin;
- Uşağı hovuza apardıqda mütləq sonda duş qəbul etdirin və dərisinə yağlı krem çəkin.
Xülasə
Atopik dermatit yalnız uşaqlarda deyil, böyüklərdə də rast gəlinən xəstəlikdir. Sadəcə körpələrdə daha çox müşahidə edilir. Məqalədə sadaladığımız əlamətləri övladınızda aşkar etdikdə mütləq dermatoloq və ya allerqoloqa müraciət edin.