Sellülit – bud, sağrı, bəzən də qol nahiyəsində dərinin girintili-çıxıntılı olması, “portağal qabığı” görüntüsüdür. Sellülit nədir sualına tibbi dildə cavab versək, dərialtı piy qatında limfatik axın və mikrosirkulyasiya pozulmasına gətirib çıxaran struktur dəyişikliyi kimi ifadə etməliyik. Maraqlısı budur ki, ilk dəfə 1973-cü ildə Amerikanın məşhur moda jurnalı “Vogue”-da dərc edilən məqalədən sonra sellülit xarici görünüşdə qüsur, defekt hesab olunmağa başladı. O vaxta qədər heç kim sellülitin varlığına fikir vermirdi.
Sellülitin səbəbləri
Əslində həkimlərin çoxu onu xəstəlik deyil, yetkin qadında dərialtı piy qatının xarakterik dəyişikliyi hesab edir. Bəs portağal qabığına bənzər görüntünün bəzi qadınlarda aşkar, digərlərində isə yüngül formada olması nədən asılıdır?
Bu problemin ən başlıca səbəbi irsi meyllikdir. Genetik faktordan sonra risk faktorları sırasına aşağıdakılar aid edilir:
Periferik qan dövranının pozulması;
Müxtəlif hormonal pozğunluqlar;
Cinsi yetişkənlik və ya hamiləlik dövrü;
Qeyri-düzgün qidalanma;
Oturaq həyat tərzi;
Siqaret çəkmək;
Stress;
Bədən çəkisinin tez-tez dəyişməsi.
Lakin artıq çəki sellülitin mütləq səbəbi deyildir. Belə ki, normal və ya normadan az çəkili qızlarda da portağal qabığına bənzər dəri sahələri müşahidə edilir.
Proses kapilyarlarda qan axınının ləngiməsi, damar keçiriciliyinin artması, venoz və limfa dövranının pozulması ilə başlayır. Bu mərhələdə gözlə görünən heç bir əlamətə rast gəlinmir. Erkən sellülitə yeganə işarə kiçik zərbələrdən dəridə göyərmə və şişkinliyin əmələ gəlməsi ola bilər.
2-ci mərhələ – başlanğıc dövr
Tədricən şişkinlik yaranır, həmin nahiyələrdə toksinlər toplanır, oksigen toxumalara az miqdarda paylanır. Sellülit dərini sıxdıqda və ya əzələnin gərgin halında gözə çarpır. Qadınlarda dəri bir qədər solğunlaşır, onun elastikliyi isə azalır.
3-cü mərhələ – mikronodulyar dövr
Piy hüceyrələri bir-birinə yaxınlaşır, topalar əmələ gətirir. Piy toxumasının elastik arakəsmələri kobudlaşır, çapığa bənzəyir. Şişkinlik halları və mikrosirkulyasiyanın pozulması get-gedə artır. Portağal qabığı görüntüsü açıq-aşkar bilinir. Dəridə xırda qabarcıqlı görüntü də izlənilə bilər. Patoloji nahiyədə əl ilə kiçik qabarları hiss etmək mümkündür. Bundan əlavə damar ulduzcuqları (teleangioektaziyalar) əmələ gəlir. Sellülitin üzərindən bərk basdıqda ağrı müşahidə olunur.
4-cü mərhələ – makronodulyar dövr
Toxumalarda limfa durğunluğu, ödem yaranır, venoz axın pozulur. Oksigen çatışmazlığı şişkinliyin və çapıqların inkişafını sürətləndirir. Qabarcıqlar böyüyür, ağrılı olur. Dəridə bərkimə sahələri aşkarlanır. Lokal, yəni yerli temperatur dəyişikliyi ola bilər.
Xoşbəxtlikdən 4-cü mərhələyə nadir hallarda təsadüf edilir. Qadınlar arasında sellülitin 2 və ya 3-cü mərhələsinə daha çox rast gəlinir.
Sellülitin əlamətləri
Sellülit adətən qadınlarda 20-25 yaş arası dövrdə meydana çıxır. Əksər hallarda hamiləlik vaxtı və doğuşdan sonra nəzərə çarpır. Onun ilk və əsas əlaməti dəridə “portağal qabığı” görüntüsüdur.
Sellülit ilə üzləşdikdə vəziyyətinizi dəyərləndirin
Önəmli olan dərinin vəziyyətini obyektiv qiymətləndirməkdir. Əslində 2-ci mərhələdə sellülit yaş, hormonal vəziyyət, hamiləlik və doğuş tarixinizdən asılı olaraq, normal hal hesab edilə bilər. Bu zaman sadəcə sağlam həyat tərzi keçirməyə çalışın, fiziki aktivliyinizi artırın.
3-cü və 4 cü mərhələdə sellülit peşəkar müalicə tələb edir.
Sellülit yaradan qidalardan (əsasən unlu, şəkərli, duzlu, həmçinin rafinə olunmuş, hisə verilmiş məhsullar) uzaq durun;
Artıq çəkidən azad olun;
Qan dövranını normaya salın;
Maddələr mübadilənizi aktivləşdirin;
Əzələləri möhkəmləndirin;
Dəri tonusunu yaxşılaşdırın.
Sellülit problemində mütəxəssis nə kimi köməklik göstərə bilər?
Kosmetoloqlar bu problemin həlli üçün geniş spektrli xidmətlər təklif edirlər. Bura sellülit üçün maskalar, sellülit masajı, sellülitə qarşı yağlar qatılmış hazır vasitələr, müxtəlif tərkibdə sellülit kremi və s. aiddir. Ancaq bütün bu xidmətlərdən istifadə etdiyiniz halda həyat tərzinizi, qidalanma vərdişlərinizi dəyişdirməsəniz, prosedurlardan alacağınız effekt minimuma enəcəkdir.
Yanaşı olaraq, hormonal xəstəliyiniz, bağırsaq problemləriniz, digər dəri və limfa patologiyalarınız varsa, sellülitlə bərabər onların müalicəsi ilə də məşğul olmağınız vacibdir.