Sellülit yaradan qidalar
Bütün qadınların arzusu gözəl bədən quruluşuna sahib olmaqdır. Lakin təəssüf ki, bud və sağrı hər zaman problemli nahiyələrdən hesab olunur. Çünki həmin hissələrdə yaranan sellülit xarici görünüşün əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarır.
Bu problemlə mübarizə aparmaq üçün qadınlar antisellülit kremləri, sellülit masajı, sellülit üçün maskalar və yağlardan istifadə edirlər. Bəzən göstərilən səylərə baxmayaraq, nəticələr bir o qədər də ürəkaçan olmur.
Portağal qabığı görüntüsündən azad olmaq üçün kosmetik vasitələrin tətbiqi ilə yanaşı, həm də gündəlik rasiondan sellülit yaradan qidalar çıxarılmalıdır. Onların miqdarının azaldılması müalicənin effektini artırmaqla bərabər profilaktik məqsəd daşıyır.
Sellülit yaradan əsas qidalar
Ağ undan hazırlanmış məhsullar
Əla növ unun tərkibində təmizlənmiş karbohidratlar mövcuddur. Bu maddələr orqanizmə düşdükdə ilk növbədə şəkərə, daha sonra qlükozaya çevrilir. Qlükoza isə öz növbəsində kollageni dağıdaraq, sellülitin inkişafına səbəb olur. Ağ çörək, makaron və un məmulatlarından imtina sellülitdən xilas olma şansını artırır.
Şirniyyatlar və fastfud
Şirniyyatlar sellülit yaradan qidalar siyahısında 2-ci yerdə dayanır. Rafinəolunmuş şəkər kalsium, maqnezium, sink və vitamin D deposunu minimuma endirir. Qida ilə qəbul olunan şəkər orqanizm tərəfindən sorularaq, qlükozanın miqdarını kəskin dərəcədə artırır. Bu isə sellülitlə nəticələnir. Fastfud, yəni tez hazırlanılan qidalar, yarımfabrikatlar şəkər, yağ, duzla zəngin olduqlarından orqanizm üçün sellülit qaynağı sayılırlar.
Şəkərsiz konfet və dadlandırıcılar
Bəzi qadınlar şirniyyat yemək istədikdə kalori almamaq üçün şəkərsiz konfetlərə üstünlük verirlər. Bu məhsulların tərkibində şəkər əvəzinə, konservantlardan hazırlanılan süni şirin qatqılar olur.
Araşdırmalara əsasən məhz bu maddələr insan beyninə təsir göstərərək, süni yolla aromatlaşdırılmış və heç bir qida dəyəri olmayan məhsulların daha çox istifadə edilməsinə gətirib çıxarır. Sellülit yaradan bu qidalar – konfetlər orqanizm tərəfindən çətin həzm edilir, nəticədə piyə çevrilir.
Suşi
Suşinin bir çox növləri, məsələn, Kaliforniya roll tempura, mayonez, yağlı pendir, rafinə olunmuş karbohidratlar və ağ düyüdən hazırlanır. Onlar yüksək kalorili olub, orqanizmdə suyu saxlama xassəsinə malikdir.
Salatlar üçün müxtəlif hazır souslar
Mağazalarda salatlar üçün satılan sousların tərkibində heç bir vitamin yoxdur. Şəkər, doymuş yağlar, duzlar isə ifrat dərəcədədir. Sellülit yaradan yüksək kalorili sousların istifadəsi birləşdirici toxumanın vəziyyətinə mənfi təsir göstərir. Bununla əlaqədar portağal görüntüsü daha qabarıq şəkil alır. Yeganə çıxış yolu ev şəraitində sous hazırlamaqdır.
Soya sousu
Əslində Soya sousu sellülit yaradan qidalar arasında deyil, mövcud problemi daha da sürətləndirən məhsullara aiddir. Buna səbəb sousun tərkibində duzların yüksək miqdarda olmasıdır. Onun qəbulu suyun toxumalarda ləngiməsinə və ödemin yaranmasına səbəb olur.
Nəticədə dəri büzüşür və iltihablaşır. Əlbəttə ki, gündəlik rasiondan duzu tamamən kənarlaşdırmaq mümkün deyil. Yetkin insan gündə 1.5 qram duz qəbul etməlidir. Amma soya sousunu ixtisara salmaq məsləhətdir.
Kofein
Əslində tək qəhvə sellülit yaradan qidalar sırasına o qədər də uyğun gəlmir. Lakin tərkibində kofein olan məhsullar vəziyyəti bir qədər çətinləşdirir. Bu, kofeinin susuzluq yaratma və damar daraltma xüsusiyyəti ilə əlaqəlidir. Qəhvə qan dövranını zəiflədir, piy toxumasına qan axınını, o cümlədən maddələr mübadiləsini ləngidir. Baş verən dəyişikliklər yağların toplanması ilə nəticələnir.
Təbii ki, səhər saatlarında içdiyiniz 1 fincan qəhvə Sizdə portağal qabığı görüntüsü yaratmayacaq. Sadəcə sellüliti olan insanlar qəhvə istifadəsini məhdudlaşdırmalıdır. Bu içkini təbii bitki çayları ilə əvəzləmək orqanizm üçün faydalı sayılır.
Xülasə
Sellülitlə mübarizə apararkən rasiondan bu problemi yaradan qidalar kənarlaşdırılmalıdır. Yalnız o zaman aparılan prosedurlarla istədiyiniz nəticəni əldə edə bilərsiniz.