Saç tökülməsi müasir dövrdə insanların tez-tez qarşılaşdığı problemdir. Bəs saçların tökülməsinin səbəbləri nələrdir və onunla necə mübarizə aparmaq olar? İlk öncə bu halın patologiya olub-olmamasını dəqiqləşdirək. Müqayisə üçün qeyd edək ki, gündə təqribən 100 saç telinin itirilməsi norma sayılır.
Saç tökülməsi testi
Mütəxəssislər belə bir testin aparılmasını tövsiyə edirlər: itirilmiş saç telinin ucunda ağ rəngli düyüncüyün (soğanağın) olmasına fikir verin. Əgər soğanaq izlənilməzsə, narahat olmağa dəyməz. Əks halda 2-3 gün başınızı yumayıb, saçlarınızı təpə hissədə toplayın və dartın. Əlinizdə 5-dən çox tük qaldıqda trixoloqa (saç və baş dərisi problemləri ilə məşğul olan həkim) müraciət etmək lazımdır. Saç tökülməsinin müalicəsinə başlamazdan əvvəl bu problemin kökündə dayanan səbəbləri üzə çıxarmaq lazımdır.
Saçın tökülməsi nə səbəbdən baş verir?
Ümumiyyətlə, saç tökülməsi 2 qrupa bölünür:
telogen alopesiya (saçlar tədricən tökülür)
anogen alopesiya (qısa müddətdə dazlaşma)
Anogen alopesiya saçların qəfildən tökülməsidir. Ona əksərən dərman vasitəsinin, həmçinin radiasiyanın təsirindən sonra rast gəlinir. Məhz bu tip keçəllik xərçəng xəstəliyində kimyəvi terapiya zamanı müşahidə edilir. Anogen alopesiyanın spesifik müalicəsi yoxdur. Zərərli amillər aradan qalxdıqda saçların uzanması bərpa olunur.
Telogen saç tökülməsi kəskin və xroniki formalara bölünür. Aralarındakı fərq ondan ibarətdir ki, kəskin saç tökülməsi 6 ay davam etdikdən sonra dayanır. Xroniki forma isə 6 aydan çox sürür və bəzən illərlə keçib getmir. Telogen alopesiyada tam keçəllik baş vermir.
Kəskin formalı telogen keçəlliyin səbəbləri
Hormonal fonun dəyişməsi. Doğuşdan 1-4 həftə sonra saç tökülməsi müşahidə olunur. Belə vəziyyət bir neçə ay davam edir. Lakin təşvişə əsas yoxdur. Bu, hormonal fondakı dəyişikliklər, stress,plazma zülalının səviyyəsinin azalması, qan itkisi ilə əlaqəlidir. 5-12 ay sonra tam sağalma baş verir.
Şiddətli qanaxma
Kəskin infeksiyalar
Yüksək və davamlı qızdırma
Keçirilmiş əməliyyat və ya travmalar
Pəhriz və qeyri-düzgün qidalanma
Bu, epizodik keçəllikdir. Saçların normal uzanmasını bərpa etmək üçün adətən 1 il tələb olunur.
Xroniki formalı telogen keçəlliyin səbəbləri
Bu tip saç tökülməsi keçirilmiş xəstəlikdən 2-2.5 ay sonra başlayır. Onun səbəbləri aşağıdakılardır:
Sitostatiklərin, qıcolma əleyhinə dərmanların uzunmüddətli qəbulu;
Dəmir və sink çatışmazlığı;
Revmatoid artrit, hepatit, psoriaz, sistemli qırmızı qurdeşənəyi, hipertireoz, şişlər;
Güclü stress;
Qeyri-düzgün baxım – tez-tez fen istifadəsi, düzləşdirmə.
Saç tökülməsinin müalicəsi
Müvafiq müayinələrdən keçməklə səbəb aydınlaşdırıldıqdan sonra uyğun müalicə sxemi seçilir. Pasiyentlərə saç tökülməsinə qarşı dərmanlar təyin edilə bilər. Onlara Proskar (daxilə qəbul üçün), kremlər, losyonlar (yerli istifadə üçün), lazer terapiyası, baş dərisinin masajı, saç tökülməsinə qarşı şampun, maskalar, təbii vasitələr (gənəgərçək yağı əsasında reseptlər) aiddir.
Saç tökülməsi zamanı təbii reseptlər
Resept №1
Ayıpəncəsi yağı (repeynoe maslo), gənəgərçək yağı və spirti bərabər nisbətdə qarışdırıb, başınızın dərisinə sürtün. 30 dəqiqə saxladıqdan sonra saçınızı yuyun. Bu maskanı 1-2 ay tətbiq edin.
Resept №2
Gənəgərçək yağını orta ölçülü soğanın suyu və yumurta sarısı ilə qarışdırın. Saçınıza çəkib, başınıza sellofan paket keçirin. Üstündən dəsmal bağlayın. 45 dəqiqə gözlədikdən sonra çimin.
Resept №3
2-3 ədəd portağalın qabıqlarını suda 3 saat saxlayın. Daha sonra həmin su ilə başınızı yuyun. Bu prosedur saçlarınıza möhkəmlik, parlaqlıq verəcəkdir.
Resept №4
1 çili bibərini xırdalayıb, 100 ml araq ilə qarışdırın. 2-3 həftə qaranlıq və quru yerdə saxlayın. Hazırlanmış qarışığı saç kondisionerinə, balzama əlavə edin. Təmiz şəkildə istifadə etmək qadağandır.
Xülasə
Hər hansı dərman vasitəsini və ya təbii resepti tətbiq etməzdən öncə mütləq mütəxəssislə məsləhətləşin. Çünki saç tökülməsi somatik xəstəlik fonunda baş verdikdə bu vasitələrin müstəqil şəkildə qəbulu effekt verməyəcəkdir.