Piqment ləkələri

28 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 3215
Piqment ləkələri
1.2/5 - (40 səs)

Piqment ləkələri – melanin piqmentinin artıq miqdarda toplanması nəticəsində yaranan dəri sahələridir. Onlar anadangəlmə (xal) və ya qazanılmış (çillər, yaşla bağlı hiperpiqmentasiya) olur.  

Dermatoloqların fikrincə açıq dərili insanlar piqment ləkələrinə daha meyilli olur. Melaninin səviyyəsi isə yaşdan və hormonal fondan asılıdır.  

Piqment ləkələri hansı səbəblərdən yaranır?

  • Günəş şüalarının təsiri. Ultrabənövşəyi şüalar dəriyə daxil olaraq, melanin sintezini aktivləşdirir. Nəticədə dərinin rəngi qaralır. Günəşdən qorunmadıqda ləkələr, hətta yanıqlar əmələ gəlir.
  • Hormonal səbəblər. Cinsi hormonların dəyişnəsi melaninin aktivliyinə təsir göstərir. Bu səbəbdən hamilələrin dərisində ləkələrə rast gəlinir. Klimaks dövründə isə yaşla bağlı hiperpiqmentasiya müşahidə edilir.
  • İrsi meyllik. Melaninin aktivliyi genetik faktorlardan asılıdır. Valideynlərində çox sayda xal və piqment ləkələri olan insanların bu problemlə üzləşmə ehtimalı yüksəkdir.  
  • Stress. Emosional sarsıntı maddələr mübadiləsini və orqanizmin fəaliyyətini pozur. Güclü stress keçirən insanlarda piqment ləkələri formalaşa bilər.
  • Dərman qəbulu. Hormonal preparatlar, oral kontraseptivlər yüksək dozalarda və ya uzun müddət içildikdə hiperpiqmentasiya törədə bilər.
  • Mədə-bağırsaq problemləri. Qaraciyər, dalaq, öd kisəsi və mədə problemləri dərinin rənginə mənfi təsir göstərir. Belə hallarda piqment ləkələrin müalicəsinə qastroenteroloji müayinədən başlanılır.  
  • Yaşla bağlı dəyişikliklər. Cinsi hormonların aktivliyinin azalması, maddələr mübadiləsinin ləngiməsi dermanın regenerasiyası və melanin sintezini pozur. Bu səbəbdən üzdə, boyun, qol və sinə nahiyəsində qocalıq ləkələri əmələ gəlir.  

Piqment ləkələri nədir?

Piqment ləkələri hansı kosmestoloji prosedurlarla  təmizlənilir?  

  • Kimyəvi pilinq. Dəriyə AHA turşularından, C vitaminindən, retinol və antioksidantlardan ibarət xüsusi vasitə çəkilir. Turşular ləkə olan hissədə dərinin üst qatını soyur, yeni hüceyrələrin yaranmasına təkan verir.  
  • Ağardıcı mezoterapiya. Prosedurun mahiyyəti vitamin, turşu və antioksidantlardan ibarət olan kokteylin dermaya yeridilməsindən ibarətdir. Nəticədə dəri regenerasiya olunur, melanin sintezi normaya düşür. Mezoterapiya klassik (iynə ilə) və ya qeyri-invaziv (aparatla) aparılır. Yaş və hormonal dəyişikliklərlə əlaqəli ləkələrdə aparat deyil, iynə ilə ağardıcı mezoterapiya məsləhətdir. 25-30 yaşlı pasiyentlərə isə aparatla mezoterapiya tövsiyə olunur. Prosedurun bu forması akne problemindən və ya hamiləlikdən sonra dəri rəngini bərabərləşdirir.  
  • Lazerlə cilalanma. İstənilən növ piqment ləkələri yox edən ən effektiv prosedurdur. Lazer ləkə nahiyəsində piqmenti dağıdır, dəri tədricən, yəni 1 ay müddətində təbii rəngini alır. Piqment ləkənin növündən asılı olaraq, 1-3 prosedur aparılır.  
  • Fototerapiya. Prosedurun prinsipi lazerlə cilalanmada olduğu kimidir: piqment dağıdılır, ləkə rəngsizləşir. Prosedur ağrısızdır. Çillərin və ya yaşla bağlı ləkələrin ağarması üçün 3-8 seans tələb olunur.  

Piqment ləkələri müalicəsi

Piqment ləkələri ev şəraitində necə təmizlənilir?  

  • İspanaq. Göyərtini xırda doğrayın və ya şirəsini sıxın. Sonra problemli nahiyənin üzərinə çəkib, 20 dəqiqə gözləyin. Maskanın təsirini gücləndirmək üçün ora limon suyu və ya bal da qata bilərsiniz.
  • Xiyar şirəsi. Bu tərəvəz tonuslandırıcı təsirə malikdir. Həmçinin piy vəzilərinin fəaliyyətini normaya salır, genişlənmiş məsamələri daraldır. Xiyar maskası çillərə və sızanaq ləkələrinə qarşı effektivdir.
  • Sitrus meyvələrinin şirəsi. Laym və limonun meyvə şirələri salonlarda edilən turşu pilinqi kimi təsir göstərir. Onlar buynuzlaşmış hüceyrələri qoparır, dəri tonunu bərabərləşdirir, məsamələri daraldır. Bunun üçün  limon və ya laym dilimini ləkə olan hissəyə qoyub, 15 dəqiqə saxlayın. Sonra üzünüzü su ilə yuyun.
  • Qatıq maskası. Qatıq, kəsmik və kefirin tərkibindəki süd turşuları dərini nəmləndirir, yaşla əlaqədar ləkələri azaldır. Belə maskaya bal da əlavə edib, təsirini artıra bilərsiniz. Maskanı dərinizdə 20 dəqiqə saxlayıb, yuyun və üzərindən nəmləndirici krem çəkin.  

Piqment ləkələri üçün maska

Əslində dermatoloqlar ev şəraitində ləkələrə qarşı edilən maskaların çox gec və zəif təsir etdiyini bildirirlər. Çünki bu məhsulların aktiv maddələri aşağı konsentrasiyada olur. Həmçinin onlara qarşı dəridə allergiya yarana bilər. 

Xoşagəlməz hallarla üzləşməmək üçün piqment ləkələrlə qarşılaşdıqda mütəxəssisə müraciət edin. Həkim pasiyenti müayinə etdikdən sonra onun vəziyyətinə uyğun krem və ya prosedur məsləhət görür. Nəticədə ləkələr izsiz və yan təsirsiz aradan qalxır. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
1.2/5 - (40 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir