Göbələk xəstəliyi üçün dərmanlar

05 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 41393
Göbələk xəstəliyi üçün dərmanlar foto
3.4/5 - (14 səs)

Göbələk infeksiyası əhali arasında geniş yayılmışdır. Xəstəliyə yoluxma riski yüksəkdir, çünki bu mikroorqanizmlər ətraf mühitin qeyri-əlverişsiz şəraitinə davamlıdırlar.

İfrat dərəcədə rütubət və isti havanın təsirindən mikroorqanizmlər çoxalır. Nəticədə göbələk xəstəliyi inkişaf edir. Bu patologiyanı aradan qaldırmaq üçün müvafiq preparatlar mövcuddur.

Göbələk xəstəliyi üçün dərmanlar necə təyin olunur?

Dermatoloqlar qribok xəstəliyinin müalicəsində həm xaricə (yerli), həm də daxilə istifadə üçün dərmanlar məsləhət görürlər. Yerli olaraq maz, losyon, lak, damcı, krem, sprey, gel və məhlullar tətbiq edilir.

Bu vasitələrin bir çoxunun yan təsirləri olduğundan onlar yalnız həkim tərəfindən seçilməlidir. Dərmanlar düzgün qəbul edilmədikdə həzm və endokrin sisteminə zərər verə, həmçinin müxtəlif allergik reaksiyalara yol aça bilər.

Göbələk xəstəliyi üçün dərmanlar foto 1

Göbələk xəstəliyi üçün dərmanlar hansılardır?

Nistatin – güclü funqisid (göbələk əleyhinə) təsirə malikdir. Preparat göbələk mikroorqanizmlərinin intensiv çoxalmasının qarşısını alır. Patogen mikrofloraya mədə-bağırsaq sistemində sorulmadan təsir göstərir, yəni daxilə qəbulu zamanı həzm traktına zərər vermir. Onun əlavə mənfi təsirlərinə baş ağrısı, titrətmə, ürəkbulanma, ishal, dəridə allergik reaksiyalar aiddir.

Levorin – göbələk xəstəliyi üçün nəzərdə tutulan effektiv dərmandır. Bu vasitə mikroorqanizm hüceyrəsinin membranında lipid strukturunu dağıdır. Hətta ağır mərhələlərdə də müsbət nəticələr verir. Qaraciyər və böyrək çatışmazlığı, kəskin bağırsaq xəstəlikləri, mədə xorası, mədəaltı vəzin iltihabından əziyyət çəkən xəstələrə əks-göstərişdir. Hamiləlik və südvermə dövründə qəbulu icazəli deyil. Preparat bəzi insanlarda baş ağrısı, qusma, ürəkbulanma, iştahsızlıq törədə bilər.

Pimafusin – güclü göbələkəleyhinə təsirə malikdir. Göbələyin yayılmasının qarşısını alır, hüceyrə strukturunu dağıdır. Maya göbələklərinin səbəb olduğu infeksiyanı müalicə edir. Mədəyə zərərli təsiri yoxdur. Sadəcə hamilələrə qadağandır.

Amfoterisin – effektiv dərman olsa da, həkimlər bu preparatı nadir hallarda təyin edirlər. Çünki aqressiv təsiri göbələyi məhv etməklə yanaşı orqanizmə də ziyan toxundurur. Onun analoqlarına Amfosil, Amfolip, Amfoqlyukamin, Funqizon aiddir.

Göbələk xəstəliyi üçün dərmanlar 2

Göbələk xəstəliyi üçün yerli təsirli dərmanlar

Pimafusin mazı – göbələk hüceyrəsinin qılafını dağıdır. Ondan hamilə və süd verən qadınlar istifadə edə bilər. Bu maz həkimlərin göbələk xəstəliyi üçün dərmanlar arasında ən sıx təyin etdiyi preparatlardandır.

Kandid, Kanizon kremləri, Klotrimazol mazı – mikozlarda çox təsirlidir. Onların tətbiqi göbələyi dəri və selikli qişalardan kənarlaşdırır.

Mikozoral, sebozol mazları, Nizoral kremi – göbələk hüceyrələrinin artıb-çoxalmasını ləngidir. Seboreik dermatitdə, pullu dəmirovda onların köməyilə arzuolunan nəticələr almaq mümkündür.

Mikrospor və Bifosin krem – əlavə olaraq, iltihabəleyhinə və antibakterial xüsusiyyətlərə malikdir. Hamiləlik və südvermə zamanı istifadəsinə icazə yoxdur.

Qeyd: sadalanan dərmanlar nümunə məqsədilə yazılmışdır. Preparatın növü və dozalanma qaydası dermatoloq tərəfindən fərdi şəkildə seçilməlidir.

Xülasə

Əgər Sizdə göbələk xəstəliyi varsa, mütləq dəri həkiminə müraciət edin. Çünki kor-koranə müalicə prosesin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.4/5 - (14 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir